"Avropa Parlamenti həmişə qərəzlidir" - Tahir Kərimli

 17:25 26.04.2024     889

Bildiyimiz kimi, ötən gün Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair qərəzli qətnamə qəbul edib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Tahir Kərimli dedi ki, o Avropa Parlamentinin, ümumiyyətlə, Avropa İttifaqının, Qərb institutlarının Azərbaycana qarşı səmimi olmağına zərrə qədər də inanmır:

"Yəni onlar özlərinin siyasi ambisiyaları, geosiyasi mənafelərini, islamafob baxışlarını tətbiq etməkdən ötrü insan hüquqları amilindən də istifadə edirlər. Təbii ki, Azərbaycan tərəfi özü çalışmalıdır ki, ölkə daxilində insan hüquqlarının pozulmasının qarşısı alınsın, olmasın və buna qarşı tədbir görsün. Ona görə də biz Azərbaycanda demokratiyanın və insan hüquqlarının müdafiəsini öz ilk işimiz kimi baxırıq və həll etmək tərəfdarıyıq. Lakin Avropa Parlamentinin Avropa İttifaqına tövsiyə etməsi ki, siz enerji layihələrini dondurun, bunun Azərbaycan xalqına birinci dərəcədə ziyanı ola bilər. Bəs, bu insan hüquqlarının pozulması deyilmi? Azərbaycan insanının hüquqları bu dərəcədə pozula bilər? Yaxud hansısa hədəfli sanksiyalarını tətbiq edilməyindən danışılır. Dediyim odur ki,  insan hüquqları əcəb dəyənək olub, öz əllərində tətbiq edirlər, yəni özlərinin həyat tərzlərini tətbiq edirlər. Ona görə də hesab edirəm ki, Avropa Parlamenti həmişə qərəzlidir. Ermənistan- Azərbaycan münasibətlərində də bunu gördük. Nahaqdan Ermənistanın tərəfini tuturlar, müdafiə edirlər. O cümlədən, Avropa İttifaqının eyni münasibətlərini gördük. Hesab edirik ki, bu qətnamə birtərəfli, qərəzlidir. Ancaq onunla belə, yəni bir daha bildirmək istərdim ki, Azərbaycan Respublikası özü ona qabildir ki, imkanları var ki, öz vətəndaşlarının hüquqlarını müdafiə etsin, doğru-düzgün məhkəmə baxışlarını təmin etsin. Siyasi dustaq dediklərinin nə dərəcədə siyasi olmağını mən bilmirəm, onlara hüquqi ittihamlar verilib və o hüquqi ittihamlara görə də dövlət məsuliyyət daşıyır.

Əlavə olaraq onu bildirim ki, elə indicə dövlət başçısı televiziya ilə Almaniyada bu məsələlərə şərt bildirdi və söylədi ki, Azərbaycan Respublikasında siyasi dustaq yoxdur. Konkret hüquqpozmalarla məsuliyyətə cəlb olunublar, xaricdən maliyyələşdiyinə görə həmin adamlar məsuliyyətə cəlb olunublar. Azərbaycanda internet azaddır, hər kəs öz fikrini söyləyə bilər. Sadəcə olaraq, Azərbaycan özünü xarici təsirlərdən qorumaqdan ötrü bütün dövlətlər kimi tədbirlər görür",- deyə deputat bildirdi.

Humay İSGƏNDƏRLİ