"Rusiya ilə müxtəlif sahələrdə bizim çox fəal əməkdaşlığımız var"

 16:53 26.04.2024     413

Rusiya Azərbaycanın qonşusudur və bu ölkə ilə müxtəlif sahələrdə bizim çox fəal əməkdaşlığımız var. Aprel ayının 22-də Prezident Putinlə görüş zamanı biz həmin məsələləri, iqtisadi əməkdaşlığımızı və xüsusən də daşımalar sahəsində işbirliyimizi geniş şəkildə müzakirə etdik. Əlbəttə ki, əməkdaşlığın böyük hissəsi humanitar sahəyə aiddir. Azərbaycanda 300-dən artıq rus məktəbi var və insanlar rus məktəblərində təhsil almağa üstünlük verərək onları seçirlər. Bir sözlə, ümumi məsələlərimiz çoxdur və regional ölkə - Qafqaz ölkəsi olaraq, - çünki Qafqazın müəyyən hissəsi Rusiya hüdudları daxilindədir, - əlbəttə ki, Rusiya bu regionu heç zaman tərk etməyəcək. Çünki onun özü bu regiona aiddir və düşünürəm ki, Cənubi Qafqazın bütün ölkələri Rusiya ilə qarşılıqlı hörmət, suverenlik, ərazi bütövlüyü və qarşılıqlı maraq əsasında yaxşı münasibətlərin qurulmasında maraqlı olmalıdırlar. Düşünürəm ki, Azərbaycanın nümunəsi bunun mümkün olduğunu aydın şəkildə göstərir.

Yeri gəlmişkən, bu, rusiyalı həmkarımla müzakirə etdiyimiz mövzulardan biri oldu. Biz elə bir format yaratmışıq ki, o, qarşılıqlı şəkildə faydalıdır. Müəyyən fobiya, bəzi stereotip və təşviqat var. Lakin düşünürəm ki, Azərbaycana gəldikdə, görə bilərsiniz, bunlar həddindən artıq şişirdilir. Siz öz suverenliyinizi, formal deyil, real müstəqilliyinizi, müstəqil siyasətinizi qoruyaraq, Rusiya ilə yaxşı münasibətdə ola bilərsiniz və bu, tamamilə mümkündür. Sadəcə, Rusiya-Azərbaycan münasibətlərinə baxmaq kifayətdir. Yeri gəlmişkən, biz həmin mövzunu müzakirə etdik. Keçmiş Sovet İttifaqında bir çox xalqlar var ki, onlar ya etnik, ya dini baxımdan Rusiyaya yaxındır. Amma onların Rusiya ilə münasibətlərinə baxın və bizim Rusiya ilə münasibətlərə baxın. Ona görə əminəm ki, həmin müsbət tendensiya davam edəcək. Azərbaycan Cənubi Qafqazda mühüm rol oynayır, bu rol artır və o, yalnız və yalnız faydalıdır.

Buraya gəlmək istəyən digər qüvvələrə gəldikdə, biz buna, əlbəttə ki, xüsusi diqqət yetirməliyik və öz resurslarımızı lazımi qaydada ölçməliyik. Demək istəyirəm ki, Azərbaycan olaraq, biz həmin prosesi necə apara bilərik, yaxud ona necə təsir göstərə bilərik. Bizim üçün təsəvvür etdiyiniz kimi, əsas narahatlıq Ermənistanda potensial və mövcud revanşist meyillərdir. Bizim narahat olmağa tam haqqımız var, çünki Ermənistan bizə qarşı təcavüz edib, ərazimizi işğal edib, bir milyon insanı öz evlərindən qovub, ərazilərimizi talayıb və hər şeyi dağıdıb, ərazimizin 20 faizini yerlə-yeksan edib.

Beləliklə, Ermənistanda baş verənlərin hamısına çox ciddi yanaşmaq üçün tam haqqımız var. Ancaq biz onların daxili işlərinə və ya uzaqda yerləşən başqa ölkələrlə münasibətlərinə heç bir halda qarışmırıq. Biz heç vaxt heç bir ölkənin daxili işinə qarışmırıq və bunu bütün qonşularımız bilir. Amma bu, bizim milli təhlükəsizliyimizlə bağlı bir məsələdir. Biz Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı bizə qarşı necə silahlandırdığını və bunu açıq, nümayişkaranə şəkildə etdiyini, sanki bizə nəyisə sübut etməyə çalışdığını görüb, sakit oturub gözləyə bilmərik. Biz, sadəcə, oturub gözləyə bilmərik və biz bu mövqeyi Ermənistan hökumətinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk. Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq. Bəziləri təhlükəli, bəziləri isə təhlükəli olmayan, amma bu o dərəcədə vacib deyil, həmin silahlar Ermənistana çatdırılır. Ona görə bir daha bu platformadan istifadə edərək Ermənistana mesajım budur ki, bunu etməyin. Yenə deyirəm, mənim mesajım qətiyyən təkəbbürlü xəbərdarlıq kimi qəbul edilməməlidir. Xeyr. Onların nə etməsindən asılı olmayaraq, müdaxilə etməyəcəyəm. Bu, onların həyatı və onların ölkəsidir. Amma onlar bizə qarşı hərbi güc nümayiş etdirəndə, bəzən öz qoşunlarını sərhədimizdə cəmləyəndə biz sakit otura bilmərik. Bu, bizim təhlükəsizliyimizdir və narahat olmağa haqqımız var. Ona görə də mənim onlara və onlardan Azərbaycana qarşı forpost kimi istifadə etmək istəyənlərə mesajım budur ki, bunu etməyin. Ermənistana nə qədər silah göndərilsə də, onların bizə qarşı heç bir şansları yoxdur. İkinci Qarabağ müharibəsi də bunu nümayiş etdirdi. Cəmi 44 gün adi insanların, sadəcə, gəzintiyə çıxa bilmədiyi dağlara çıxdıq və biz bunu yüngül silahlarla etdik, onların ordusunu tamamilə məhv etdik.

Separatizmə son qoyduğumuz bir neçə saatlıq antiterror əməliyyatı ilə də biz onlara gücümüzü nümayiş etdirdik. Bizim Ermənistana qarşı yenə də pis niyyətimiz yoxdur. Bizim onların ərazisinə heç bir iddiamız yoxdur, amma onlar başa düşməlidirlər ki, birincisi, bu silahlar onlara kömək etməyəcək. İkincisi, bu, təhlükəlidir və mənim vəzifəm onlara, həmçinin onların arxasında duran və onları manipulyasiya edənlərə xəbərdarlıq etməkdir ki, bu, həqiqətən təhlükəlidir və onlar mənim dediklərimə qulaq asmalıdırlar. Çünki bilirlər ki, sözlərimə qulaq asmalıdırlar. Mənim tövsiyəm budur. Bundan başqa, Ermənistan qlobal qarşıdurma üçün digər bir namizəd ola bilər. Təəssüf ki, bizim sərhədlərimizə yaxın bu hallar da mövcuddur. Beləliklə, bunlardan Qərblə Rusiya arasında qlobal qarşıdurma üçün istifadə oluna bilər və əgər bu, onlar üçün ən yaxşı ssenaridirsə, qərar onlarındır. Ancaq bu, fəlakət ola bilər. Bu gün onlara hərtərəfli və davamlı dəstək vəd edənlər, əgər ilk güllə sərhəddə atılsa qaçacaqlar. Mən tam əminəm. Avropalı sülh müşahidəçiləri adlanan, bizə qarşı binokl diplomatiyasından istifadə edib nə isə nümayiş etdirməyə çalışan, - bilmirəm nə nümayiş etdirmək istəyirlər, - ehtiyatda olan hərbçilər və polislər bizim cavab vermədiyimizə görə bizə minnətdar olmalıdırlar. Əminəm ki, ciddi bir şey olsa, onlar qaçacaqlar. Deməli, biz vəziyyəti belə görürük və yenə də regionda təhlükəsizliyə, sabitliyə gedən yol Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından keçir. Onlar, yəni, Ermənistanı nəzərdə tuturam, normal qonşu olmağı öyrənməli, qonşularına qarşı ərazi iddialarına son qoymalıdırlar. Biz bəzi müsbət tendensiyaları görürük. Lakin bu, kifayət deyil. Bu, yalnız sözlərdir və biz onların fikirlərini necə dəyişdirə biləcəyini bilirik. 2019-cu ildə deyirdilər ki, “Qarabağ Ermənistandır” və bu, müharibənin başlanmasına təkan verdi. İndi isə “Qarabağ Azərbaycandır” deyirlər.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini