Azərbaycanın qlobal məsələlərdə iştirakı və səyləri göz qabağındadır - Deputat

 11:43 29.04.2024     180

Prezident İlham Əliyevin Almaniyaya səfəri və səfər çərçivəsində keçirilən görüşlər kifayət qədər vacib məsələləri əhatə edirdi. Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə reallaşan səfərə nəzər saldıqda aydın şəkildə görünür ki, Avropa Azərbaycanın regiondakı xüsusi rolunu, eyni zamanda Avropa ölkələrinin tərəfdaşlığının vacibliyini bilir və münasibətləri ona uyğun qurur. Azərbaycan Prezidentinin Berlində təntənəli qarşılanması da buna işarə edir.

Prezident İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı Azərbaycanın COP29-a ev sahibliyi çərçivəsində qısa müddət ərzində görülən və bundan sonra da davam edəcək işlərlə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandıraraq hazırlığın fəal mərhələsində olduğumuzu bildirdi. Yaxşı nəticələrə nail olmaq üçün əlimizdən gələni etdiyimizi deyən Azərbaycan Prezidenti ölkəmizin qlobal məsələlərə verdiyi töhfəsi ilə bağlı iradəni nəzərə çatdırdı. Son illər ərzində Azərbaycanın qlobal məsələlərdə iştirakı və səyləri göz qabağındadır. Bu səbəbdən dünya ölkələri Azərbaycanın sərhədsiz təşəbbüs və töhfələrinə  inanır. Cənab Prezident də çıxışında COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilməyi beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətinə hörmətinin əlaməti kimi qiymətləndirdiyini qeyd etdi.

Heç kimə sirr deyil ki, Azərbaycan Avropanın ererji təhlükəsizliyində xüsusi rol oynayır. “Petersberq Dialoqu”nda bu məsələyə toxunan Azərbaycan Prezidenti təbii qaz təchizatçısı olan Azərbaycanın Avropa üçün yaşıl enerji təchizatçısı da olacağını ifadə etdi. 2027-ci ilə qədər enerji potensialı 2 qiqavat olan 9, 2030-cu ilə qədər isə əlavə olaraq enerji potensialı 5 qiqavata qədər olan 10 külək və günəş elektrik stansiyasının tikiləcəyini bildirdi. Qeyd edilən rəqəmlər Azərbaycanın enerji təzhiçatçısı kimi günbəgün irəlilədiyini göstərir. 2022-ci ildə Avropa İttifaqı ilə imzalanan memorandum da göstərir ki, Azərbaycan uğurlu tərəfdaşdır. Onu da qeyd etmək lazımdır ki, Avropada təbii qaza olan qaza tələbat artdıqca Azərbaycan lazım olduğu qədər təchiz etmişdir. Avropa İttifaqının doqquz üzvü ilə “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalanıb ki, bu da Azərbaycanın öz tətəfdaşları ilə əməkdaşlığı davam etdirmək və yeni tərəfdaşlıqlara imza atmaq iqtidarında olduğuna əyani sübutdur.

İşgüzar səfərin diqqət çəkən məqamlarından biri də Qarabağın hava qapısı olan Füzuli hava limanından başlayan səfərin həmvətənlərimizin coşqusu ilə davam etməsi oldu. Avropada yaşayan Azərbaycanlılar öz Prezidentini Berlində böyük qürur hissi ilə qarşıladılar. Bu isə, müxtəlif qaragürühların havadarlarına nümayiş etdirmək üçün reallaşdırmaq istədiyi dırnaqarası missiyasını iflasa uğratdı. Dünyanın hər bir yerində yaşayan əsl azərbaycanlılar qalib Azərbaycanın Ali Baş Komandanını qürurla dəstəkləyir. Azərbaycan Prezidentinin qalibiyyəti isə müharibəni udmaqla məhdudlaşmır. Azərbaycan üçün böyük işlər görür, yeri gəldikdə siyasi və iqtisadi sferada bütün bəd niyyətli qüvvələrə qarşı vuruşur. Nəticədə Azərbaycanın davamlı inkişafı təmin olunur.

Şahin İsmayılov,

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü