"Bu işlərin arxasında Rusiya dayanıb" - Vahid Əhmədovdan AÇIQLAMA

 17:23 02.05.2024     358

Ermənistanda Azərbaycanla sərhədin delimitasiya olunmasına qarşı etirazlar davam edir. Erməni əhalisi delimitasiyanın baş tutmasını istəmir. Odur ki, bu gün Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən aksiya keçirilib.

Bəs ermənilər niyə delimitasiyanın baş tutmasını istəmir? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov dedi ki, etiraz edənlər vaxtilə Ermənistana rəhbərlik etmiş, indi isə müxalifətdə olan Robert Köçəryanla Serj Sarqsyanın qruplarıdır.

"Hansı ki, o qruplar Azərbaycan xalqının düşmənidir, faktiki olaraq qatillərdir. Vaxt gələcək Ruben Vardanyan kimi onlar da məhkəmə qarşısına çıxarılacaqlar. Onların da bu işlərinin təşkilinin arxasında Rusiya dayanıb. Rusiya Paşinyanı istəmir. Çünki Paşinyan qərar verib ki, Avropaya inteqrasiya edir, Avropa Şurasına, Avropa İttifaqına daxil olmaqla əlaqədar müəyyən anlaşılan müqavilələr var və sair. Rusiya Qafqazı öz əsarətində saxlamaq istəyir. Ümumiyyətlə, Qafqaz üzərində Qərblə Rusiya arasında çox ciddi mübahisə gedir. Əsas məqsəd Paşinyanı devirmək, onun yerinə Rusiya meyilli qüvvələri gətirməkdən ibarətdir. Ermənistanla eyni vaxtda Gürcüstanda da hadisələr baş verir. Nə var, nə var, "Xarici agentlər haqqında" bir dənə qanun qəbul ediblər. Bu da yenə eyni vəziyyətdədir. Çünki Gürcüstan da Avropaya inteqrasiya yolunu seçib, prezident Salome Zurabişvili Avropa yönümlüdür. Amma hökumət Rusiya meyillidir. Yenə də Rusiya bu oyunları oynayır ki, Qafqazı öz əsarətində saxlasın. Qafqazda yalnız Azərbaycan yeganə dövlətdir ki, ora əlləri çatmır. Bizim də dövlət başçımız kifayət qədər xarici siyasətdə uğurludur, bu məsələləri tənzimləyir. Ona görə də məsələlərə bu kontekstdə baxmaq lazımdır. Rusiya ilə Qərb arasında Qafqaz uğrunda çox ciddi mübarizə gedir. Ona görə də bu hadisələr qızışır. Məncə, Paşinyanı devirmək o qədər də asan məsələ olmayacaq. Çünki onun arxasında Qərb dayanır. O cümlədən Gürcüstanda hakim partiya 150 minlik mitinq çıxartdı ki, guya qanunu müdafiə edirlər. Amma onun ardınca bütün gecə səhərə kimi, elə indi də mitinqlər gedir. Camaat faktiki olaraq Avropaya inteqrasiyanı müdafiə edir, yəni orada belə bir ciddi mübarizə gedir. İndi görək necə qurtaracaq", - deyə millt vəkili bildirdi.

Humay İSGƏNDƏRLİ