Gürcüstan olayları – Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı

 15:35 03.05.2024     174

Gürcüstanda 2003-cü il “qızılgül inqilabı”nın nailiyyətləri iflasla üz-üzədir. Bu uğurların əldə saxlanılması üçün qərbyönlülərlə Rusiya tərəfdarlarının mübarizəsi davam edir.

Bu qarşıdurma hələ ki “Xarici agentlər” yaxud, “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin qəbulu ehtimalı ətrafında meydana çıxır. Qərb bloku rəsmi Tbilisini bu sənədi qəbula görə tənqid edib.

Halbuki “Xarici agent haqqında” qanun 1938-ci ildə ABŞ-də qəbul olunub. “Xarici Agentlərin Qeydiyyatı Aktı” (FARA) adlanan qanuna əsasən, Ştatlarda xarici güclərin maraqlarını - “siyasi və ya kvazi-siyasi” səviyyədə təmsil edən belə şəxslər xarici hökumətlə əlaqəli fəaliyyəti, münasibəti və maliyyə barədə məlumatları açıqlamalıdır. O, ABŞ Ədliyyə Departamentinin Milli Təhlükəsizlik Departamentinin Əks-kəşfiyyat və İxracın Mühafizəsi Bölməsi tərəfindən idarə olunur.

Bir il öncə, yəni 2023-cü ilin yazında 230 qeyri-hökumət təşkilatı, o cümlədən Beynəlxalq Şəffaflıq təşkilatı (“Transparency İnternational”), İnsan Hüquqları (“Human Rights Watch”) və Beynəlxalq Əfv Təşkilatı (“Amnesty International”) Avropa Komissiyasının sədri Ursula von der Lyayenə “Xarici müdaxilə haqqında qanun” layihəsinin qəbulunu tənqid edən bəyanat imzalayıb.

Onlar bildirib ki, Avropa İttifaqının belə bir qanunu qəbul etməsi repressiyanı gücləndirə bilər. Qeyd edək ki, həmin qanuna əsasən, Aİ xaricdən maliyyələşən təşkilatların reyestrini yaradaraq onların fəaliyyətinə nəzarət edəcək.

Ötən ilin sentyabrında Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı demokratiyanı qorumaq üçün bu qanunun qəbul edilməsini vacib saymışdı. Avropa İttifaqı Rusiyanın açıq və qapalı şəkildə maliyyələşdirdiyi QHT-lərin fəaliyyətindən narahatdır. Bunu region üçün təhlükəli sayır.

Bu baxımdan Qərbdə olduğu kimi postsovet ölkələrində də uyğun qanunun qəbul edilməsi sakit qarşılana bilər. Bir məsələni də qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyətini yalnız Qərb bloku maliyyələşdirmir. Müxtəlif dövlətlərdəki fərqli dini cərəyanlara qrant verməsi də mümkündür. Odur ki, uyğun qanun təkcə dövlətin deyil, ola bilsin regional və qlobal miqyasda təhlükəsizliyin qorunması, təmini məsələsidir.

Rusiyanın fəaliyyətinə qarşı müqavimət göstərmək üçün Qərbin dəstəyi yetərli olmur. Gürcüstanda bu, 2008-ci ilin avqustunda özünü göstərdi. Sonrakı hadisələr isə orada hakimiyyət dəyişikliyi ilə nəticələndi. Belə görünür ki, Qərbin yeni qüvvələrlə əməkdaşlığı zəif olub. Ona görə də onlar Rusiyaya meyillənməyə üstünlük veriblər.

Bu isə perspektivdə keçmiş sovet respublikalarının Qərbdən qaçmaq üçün əsaslarını artırır. Gürcüstanda prezidentlə hökumət arasında münasibət Qərblə ziddiyyətin əyani nümunəsidir.

Qeyd edək ki, Prezident Salome Zurabişvilinin səlahiyyət müddəti 2024-cü ilin payızında başa çatır. Bu il oktyabrın 26-da keçiriləcək seçkilər nəticəsində formalaşacaq yeni parlament prezidenti də müəyyən edəcək.

Yeri gəlmişkən, Baş nazir İrakli Kobaxdze Prezident Salome Zurabişvilini “vətən xaini” adlandırıb. O, Zurabişvilinin Gürcüstanın Prezidenti olduğu üçün xalqdan üzr istəyib: “Ən kədərlisi bu şəxsin qanuni olaraq hələ də Gürcüstanın Prezidenti olmasıdır. O, sözün əsl mənasında bu ölkəyə xəyanət edir, onun milli maraqlarını satır. Təəssüf ki, bu, onun üçün qeyri-adi bir hadisə deyil”.

İrakli Kobaxidze qoyulan şərtlər onu qane etmədiyi üçün ABŞ-a səfərdən imtina edib.

Qarşı tərəf ondan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə baxılmağı müvəqqəti dayandırmaq şərtini irəli sürmüşdü.

Qərbin qəbul etdiyi qanunun oxşarını Gürcüstanın qəbul etməsinə etiraz tərəflər arasında ziddiyyət yaradıb. O zaman sual olunur, ABŞ, Avropa İttifaqı və başqaları niyə “Xarici agent” haqqında qanun qəbul edib.

Bu, Qərbin keçmiş sovet respublikalarını özündən narazı salıb uzaqlaşması ilə nəticələnir. Bir zamanlar onlar Moskvadan qaçmaqla Qərbin onlara dəstək verəcəyinə ümid edirdilər. Hazırda baş verənlər isə onları məyus edir.

ABŞ Dövlət Departamentinin bir sıra hallarda məsələyə obyektiv yanaşmaması, yaxud olanların qarşısını almaması kimi hallar da münasibətlərə mənfi təsir göstərir.

Bu günlərdə Ştatların Dini Etiqad Azadlığı Komissiyası (USCIRF) illik hesabatında hakimiyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyinə və Vaşinqtonun Bakıdakı səfirliyinə Azərbaycanın Qarabağ bölgəsində mədəniyyət abidələrinin qorunması üçün vəsait ayırmağa çağırıb. Hesabatda hakimiyyətə tövsiyə olunub ki, Azərbaycanı “Beynəlxalq Dini Etiqad Azadlığı Aktında (IRFA) müəyyən edilmiş dini etiqad azadlığının sistematik, davamlı və kobud şəkildə pozulması ilə bağlı xüsusi narahatlıq doğuran ölkələr siyahısına daxil etsin”.

Komissiya həm də Qarabağda guya erməni tarixi mədəni dini-abidələrin qorunması, bərpası kimi təkliflər də edib.

Bu, çox gülünc və reallıqla əlaqəsi olmayan hesabatdır. Həmin ərazilər 30 ilə yaxın ermənilərin və havadarlarının nəzarəti altında olub. O illər ərzində Ermənistan və onun havadarları Qarabağda neçə dini-tarixi-mədəni abidəni bərpa və təmir edib? Əksinə, Azərbaycanın bu bölgəsi Ermənistanın işğalı altında olduğu illərdə neçə-neçə mədəniyyət və dini abidələrin dağılmasına dair təkzibedilməz faktlar var.

Ən gülüncü isə Azərbaycanda dini və etiqad azadlığının pozulmasına dair iddiadır.

Hesabat Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi günlərdə yayılıb. Onlar bununla əhəmiyyət dərəcəsindən asılı olmayaraq humanizmə, dinlərarası dialoqa xidmət edən bir beynəlxalq tədbirin faydasına kölgə salmağa çalışıblar.

Ən təəssüfləndirici hal isə odur ki, sənəd Ermənistan, yaxud Azərbaycanı sevməyən başqa birinin ərazisindən deyil, ABŞ-dən yayılıb.

Bu kimi hadisələr tərəflər arasında anlaşılmazlıq, gərəksiz söz-söhbət yaradır, etibara zərbə vurur. Başqa sözlə, ümidlər doğrulmasını əngəlləyir. Sual olunur: ABŞ-nin, yoxsa, erməni lobbisinin maraqları üstündür? Əlbəttə, məntiq ABŞ-nin deyir. Ancaq Ştatlarda bu kimi çıxışların edilməsinə şəraitin yaradılması strateji məsələlərdə etimad mühitini korlayır. Gürcüstanda baş verənlər də bunun nəticəsidir.

Sədrəddin Soltan