AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə etdi

 22:04 03.05.2024     170

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Gert Yan Kupman rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə AK rəsmisi sosial şəbəkədə bildirib.

“Azərbaycanın iqtisadiyyat, ekologiya və nəqliyyat nazirləri ilə yaşıl enerji, əlaqə, minatəmizləmə, COP29 və daha çox məsələləri müzakirə etdim. Güclü əməkdaşlıq Aİ-Azərbaycan prioritetlərinin həyata keçirilməsi üçün əsasdır”, – o qeyd edib.

Görüşlərdə həmçini “biznes mühiti üçün vacib olan sülh prosesi və insan haqları” ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, daha əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov AK rəsmisini qəbul etmişdi.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bu barədə qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub.

İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.