"COP29-a qədər Azərbaycanla Ermənistan arasında sülh anlaşması baş tuta bilər" - Deputat

 15:02 06.05.2024     254

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Observer” qəzetinə müsahibəsində deyib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu sessiyası zamanı dünyada hərbi əməliyyatlar dayandırıla bilər.

“Biz müxtəlif tərəfdaşlarla Olimpiada zamanı olduğu kimi COP29 müddətində də atəşkəs haqqında müzakirələr aparırıq. Ancaq müzakirə ilkin mərhələdədir. Bu, əlavə məsləhətləşmələr və müzakirələr tələb edəcək”, - şöbə müdiri bildirib.

Hikmət Hacıyevin fikirləri haqqında Redaktor.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev dedi ki, COP29-un əsas hədəfi, bəşəri problemləri, yəni dünyanı narahat edən, hər kəsi narahat edən ekoloji problemləri, iqlim dəyişikliklərini aradan qaldırmaqdır:

"Çox təəssüflər olsun ki, iqlim dəyişikliklərinə ən böyük təsir edən səbəblərdən biri də məhz müharibələrdir. Xüsusilə də yeni növ silahların tətbiq edilməsi, nəticə etibarilə ətraf mühiti çirkləndirir və iqlim dəyişikliklərinə gətirib çıxarır. Bütün bunlarla yanaşı biz insanların öldürülməsinə şahidlik edirik və bu müharibələr nəticəsində meşələr dağıdılır, meşələr yandırılır, çox təəssüflər olsun ki, bilmədən heyvanları məhv edirik. Nəticə etibarilə təbiətə çox böyük ziyan vururuq. Bu baxımdan da gördüyünüz kimi, Azərbaycan COP29-a ev sahibliyi etməklə bu ağır missiyanın öhdəsindən gəlmək istəyir. Eyni zamanda məhz COP29 keçiriləcək ərəfədə dünyada münaqişələrin, toqquşmaların, müharibələrin dayandırılması çox əla olardı. Həmin müddət ərzində özümüz elə iqlimin bərpa edilməsinə və ətraf mühitdəki problemlərin aradan qaldırılmasına nə qədər böyük fayda verəcəyimizə şahidlik etmiş olacağıq. Bu baxımdan düşünürəm ki, dünya liderləri və COP29-a qatılacaq bütün dövlətlərin rəhbərləri bu təşəbbüsü alqışlayacaqlar. Ən azından məhz COP29 keçiriləcək ərəfədə biz toqquşmaları, münaqişələri, terror hadisələrini, ümumiyyətlə, xoşagəlməz hadisələrin qarşısını ala biləcəyik, düşünürəm ki, bu, mümkün olacaq. Hətta cənab Prezidentin çıxışlarında da bir neçə dəfə eşitmişik ki, 2024-cü il fərqli bir il ola bilər, 2024-cü il sülh ili ola bilər. Hətta ehtimal var ki, hazırda ən çox danışılan Ukrayna-Rusiya münaqişəsinin həlli ilə bağlı müsbət dəyişikliklər ola bilər. Bəlkə də elə COP29 çərçivəsində Rusiya Federasiyasının Prezidenti ilə Ukrayna Prezidentinin də görüşü baş tuta bilər. Bu baxımdan da, mən düşünürəm ki, COP29-a qədər müsbət dəyişikliklərə şahidlik edə bilərik və qismət olsa, Azərbaycanla Ermənistan arasında sülh anlaşması baş tuta bilər. Hətta Ermənistan Baş nazirinin və Ermənistan rəsmilərinin də COP29-a qatılma ehtimalı var".

Humay İSGƏNDƏRLİ