"Müxalifət Ermənistanı müharibəyə sürükləyir" - Simonyan

 15:39 06.05.2024     180

Ermənistanı müharibəyə sürükləmək üçün müxalifət əlindən gələni edir.

Redaktor.az “news.am”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan müxalifətə müraciətində bildirib.

O vurğulayıb: “Siz sülhməramlıları gətirib sonra da “keçmiş hakimiyyət belə bir vəziyyəti yaradıb və biz öz təhlükəsizliyimizi təkbaşına təmin edə bilmərik” demək istəyirsiniz”.

Alen Simonyan müxalifəti hakimiyyəti dəyişməyə cəhddə ittiham edib: “Siz hakimiyyət dəyişikliyinə təsir edə biləcəyiniz bir vəziyyət yaratmaq istəyirsiniz”.

Onun sözlərinə görə, hakimiyyət dəyişikliyi naminə bəziləri özlərini satmağa hazırdır: “Bəlkə də artıq nəinki canlarını, həm də satıla bilən nə varsa, hamısını”.

Parlament sədri müxalifəti Ermənistanı Rusiya-Belarus ittifaqının tərkibinə daxil etməkdə ittiham edib. O, baş verənləri Ermənistan xalqının başa düşdüyünü də vurğulayıb: “Daş atdıqdan sonra onu yığmağın da vaxtı gələcəyini heç düşünmüsünüz? Bu daşları toplamaq vaxtı bizim nəslin üzərinə düşüb. Xalq bütün bunları başa düşür”.

O, keçmiş iqtidarın, indiki müxalifətin seçkini saxtalaşdırdığını, ordunu qarət etdiyini də qeyd edib.