"Paşinyan olanda nolar, adamın mövqeyini qiymətləndirmək lazımdır" - Zahid Oruc

 16:46 07.05.2024     471

Bu gün mətbuat konfransı keçirən Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycan və Türkiyə ilə düşmənçiliyi sıfıra endirməyə nail olmalıyıq.

"Gürcüstan və İranla mehriban qonşuluq münasibətlərinin dərinləşdirilməsi, inkişafı, Türkiyə və Azərbaycanla düşmənçiliyin aradan qaldırılması, regional nəqliyyat inteqrasiyası, iqtisadi əlaqələrin qurulması, onların dərinləşməsi, inkişafı regional mühitin normallaşmasını rəsmi İrəvanın mövqeyidir", - deyə Paşinyan bildirib.

Paşinyanın bu fikirləri barədə Redaktor.az-a danışan Milli Məclisin deputatı Zahid Oruc dedi ki, siyasətçilər, politoloqlar, dövlət adamları, hətta üçüncü sektor təmsilçiləri, daha geniş qrupların, sosial təbəqələrin, ictimai təsisatların bu çıxışla bağlı mövqeyi bir-birindən çox fərqlənməyəcək:

"Həqiqətən də Ermənistanın strateji xilas yolu məhz Türkiyə və Azərbaycanla barış formulunda qonşu kimi yaşamaqdır. Bu, çox mühüm statusdur, həyatda da belədir. İnsan bir cəmiyyət halında, qruplarda konflikt şəraitlərini daha çox yaratdıqca, əmin amanlığını pozur, bütün həyatı mürəkkəbləşir və daima təzyiq altında qalır. Dövlətlər isə bunun daha böyük miqyasını yaşayır. Əslində Paşinyan səmimi bir erməni rəhbəri kimi belə düşünür. Bizim ölkə rəhbərimizin də dəfələrlə dediyi kimi, Türkiyə kimi nəhəng bir NATO dövləti ilə konfliktin sərfəli olmadığını o başa düşür. Paşinyan təhlil edir, görür ki, ermənilərin olmadığı məkanların hamısında onların dövlətinin adının müzakirələrə qoyulması, mahiyyət etibarilə Ermənistanda yaşayan iki milyonun həyatın mənafelərini irəli aparmır, əksinə yalnız zərbə vurur. Mən sizə xatırlatmaq istəyirəm, Paşinyan bir dəfə də belə çıxışında dedi ki, yalnız imperiyalara gərək olanda yada düşmüşük, bu statusdan, quruluşdan, tipologiyadan çıxmalıyıq. Tamamilə tarixi fikirlərdir, həqiqətən də bu dəyərləndirilməlidir. Paşinyan olanda nolar, adamın mövqeyini müsbət qiymətləndirmək lazımdır. Uzun illər bizim söylədiklərimizi indi ermənilərin bir nömrəli şəxsindən eşidirik.

Ancaq problem ayrı məsələdir. Bu da ondan ibarətdir ki, erməni lobbi mərkəzləri, xarici dövlətlərin bölgəni əldə saxlamaq niyyətləri Paşinyanı müxtəlif siyasi paytaxtlara gedəndə fərqli, bir-birinə zidd olan, hətta indiki bəyanatından kəskin fərqlənən davranışları seçməyə sanki vadar edir. Bu halda biz Paşinyanı tanımırıq və o, bu zaman son dərəcə Koçaryana, Sarkisyana oxşayır. Axı özünün inqilabı, həmin şəxsləri devirməsi elə bir ideologiyaya əsaslanırdı ki, fərqli bir siyasət aparacaq və bu məsələ təkcə daxili siyasətə aid deyil. Həm də xarici siyasət üçün başlanğıc nöqtələrə qədər "Qarabağ Ermənistandır..." və yaxud da, "biz danışıqları sıfırlayacağıq..." kimi cinayətkar açıqlamalar verilirsə, o zaman mənim ayrı məntiqim var, düşünürəm ki, bizim 44 günlük zəfər hərəkatımız onu müəyyən bir mövqeyə gətirdi".

Millət vəkilinin sözlərinə görə, Ermənistan özünü xarici dövlətlərin əlində alsa və Türkiyə, Azərbaycanıa sülh şəraiti üçün gecə-gündüz çalışmalara daxil olsa bölgənin necə inkişafını təsəvvür etdikdə gözəl mənzərə yaranır:

"Həqiqətən, resurslar davakarlığa, savaşlara, silaha deyil, dincliyə, təsərrüfat əlaqələrini genişləndirməyə, kooperasiyalara, ticarət dövriyyələrinə, gömrük rüsumları və sair kimi tariflərdə dəyişikliklər etməyə, birgə layihələr həyata keçirməyə yönələ bilər. İndi hamı Alen Simonyannın "Azərbaycandan qaz ala bilərik..." kimi bəyanatının müxtəlif ekspert cəmiyyətlərində müsbət qarşılandığını deyir. Amma xatırladım ki, 1985-ci ildə Azərbaycana Ermənistana 2 milyon tona yaxın mazut, 500 min tondan yuxarı neft və digər yanacaq məhsulları, sürtkü yağları və s. gedib. Bunun hazırkı qiymət ekvivalenti iki milyard dollardan yuxarıdır. Ermənistan bölgənin məntiqini pozub, adam qonşu ilə normal davranar. Bizim, dövlət olaraq məntiqimiz, kursumuz, ideyalarımız budur. Hesab edirəm, əgər Paşinyan, bəyan etdiyi məsələni gerçəkliyə çevirə bilsə, bundan ötrü hər iki paytaxtlardan yalnız dəstək alacaq. Biz görəcəyik ki, yeni 907-lər,  Amerika Konqresinə səfərlər, Fransadan gedib silah gətirmələrə və yaxud Hindistandan hansısa strategiyalarına yönəlməyəcək. Hətta onun bir sözü var ki, əgər bu iki dövlətlə münasibətlərimizi normal qurmasaq, bizi o silahlar qorumayacaq. Çünki Ermənistanın baş naziri yaxşı başa düşür ki, Allah Ermənistana neft, qaz resursu verməyib. dənizi də yoxdur. Bizə 20-25 il bizə lazım oldu ki, bu qədər təbii sərvətlərlə alternativ iqtisadi imkanlar, güc əldə edək, onu silahlara yönəldək, ordumuzu quraq, yalnız ondan sonra savaşa atılaq.  2006 -2008-ci ildə necə müharibə etmək olardı? Həqiqətən də, bu, növbəti məğlubiyyət və onun gətirdiyi fəlakət kimi yeni bir nəticə doğurardı. O əslində həm də İlham Əliyevin strateji səbrini görür, bilir və yaxşı başa düşür ki, bir 10 il bundan sonra Azərbaycan Ermənistandan qat-qat güclənəcək. Biz aşağı, dağətəyi ərazilərdən bu cür yüksəkliklərə çıxmışıq. Bir daha o yüksəkliklərdən, zirvələrdən düşmərik".

Humay İSGƏNDƏRLİ