İslam Əməkdaşlıq Təşkilatı Qərbi Azərbaycana qayıdışı dəstəklədi

 12:05 08.05.2024     146

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 4-5 may 2024-cü il tarixlərində Qambiyanın Bancul şəhərində keçirilmiş zirvə görüşündə təşkilatın üzvü olan 57 dövlət Ermənistandan zorla qovulmuş azərbaycanlıların taleyindən narahatlıq ifadə edib və onların öz doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına dəstək ifadə ediblər. Bundan əlavə, dövlət və hökumət başçıları Ermənistanda müsəlman mədəni irsinin təhqir edilməsini və dağıdılmasını sərt şəkildə qınayıblar.

"Qərbi Azərbaycan İcması İƏT sammitinin bu qərarını ürəkdən alqışlayır. Bu qərarı ilə İƏT Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək ifadə etmiş ilk beynəlxalq təşkilat olub.

Qərbi Azərbaycan İcması əmindir ki, təşkilatın Qərbi Azərbaycan məsələsinə birmənalı dəstəyi Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə sülh yolu ilə qayıdışını təşviq edəcək".