Paşinyan hakimiyyətdən gedərsə, nə baş verə bilər? - Siyasi analitik AÇIQLADI

 18:15 13.05.2024     268

Bildiyimiz kimi, bir qrup Ermənistan vətəndaşı bir neçə gündür ki, Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq aksiya keçirirlər. Onlar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Bəs proseslər Paşinyanın devrilməsi ilə nəticələnərsə, o zaman Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarının, delimitasiya prosesinin taleyi necə olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan ehtiyatda olan polkovnik, siyasi analitik Lətif Babayev söylədi ki, etirazların hansı sonluqla bitəcəyini proqnozlaşdırmaq tezdir:

"Paşinyanın getməsi bu gün real görünmür. Qaldı ki, bu etirazlar əgər genişlənərsə, nəticədə Paşinyanın hakimiyyətdən getməsi baş verərsə, bunun Azərbaycana birinci təsiri o olacaq ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi faktiki çətinləşəcək. Paşinyan gedəndən sonra əgər hakimiyyətə revanşist qüvvələr gələrsə, - ehtimal da var ki, Paşinyan getməyi yalnız revanşist  qüvvələrin hakimiyyətə gəlməsi daxilində mümkündür, - o halda tutaq ki, dəyişiklik Azərbaycan üçün sərfəli deyil. İndiki sülh prosesi dayana bilər. Hansısa başqa revanşist ideyalar Ermənistanda bu gün ön plana çıxa bilər və hansısa müddətdə bunlar eskalasiyaya gətirib çıxara bilər. Tutaq ki, bizim sərhədlərdə vəziyyətin gərginləşməsi, münaqişə ehtimalının yenidən gündəmə gəlməsi, yəni Ermənistan tərəfindən sərhədlərimiz pozula bilər. Ancaq hələ bugünkü gündə bu aksiyaların öz məqsədinə nail olacağı çox az ehtimal olunur. Baxmayaraq ki, ixtişaşlarda 150-dən çox adamın saxlanıldığı deyilir. Revanşistlərin Ermənistanda dəstəyi o qədər də böyük deyil. Keşişin rəhbərlik etdiyi bu hərəkatın da dolayısı ilə arxasında başqa qüvvələr var, o qüvvələr onu istiqamətləndirirlər. Müəyyən qədər təşkilati dəstək göstərirlər".

L.Babayevin sözlərinə görə qüvvələrin əsas məqsədi odur ki, Ermənistan Azərbaycanla münasibətlərindəki pozitiv dəyişikliklərdən imtina etsin, sülh prosesinin davam etməsinə mane olsunlar və hansı səviyyədə isə guya ki, Azərbaycana qarşı yenidən iddialarla çıxış edə bilərlər:

"Yəni bütün bunların hamısı konkret Azərbaycanın və Ermənistanın özünün də xeyrinə deyil. Çünki Ermənistan həm iqtisadi baxımdan inkişafı üçün, həm Ermənistanın normal bir ölkəyə çevrilməsi üçün Azərbaycan tərəfi ilə sülh prosesi vacibdir. Yaxın gələcəkdə sülh müqaviləsi imzalanarsa, kommunikasiyalar açıla bilər. Ermənistan bu kommunikasiyanın açılmasından böyük dəstək ala bilər. Dünən Ermənistanın xarici işlər naziri Azərbaycanla hansısa nəqliyyat əlaqələrinin bərpası prosesi ilə bağlı öz tərəflərindən müsbət bir fikir bildirib ki, biz də bunun tərəfdarıyıq".

Humay İSGƏNDƏRLİ