"Ermənistan dövləti tamamilə xəritədən silinə bilər" - Fəzail Ağamalı

 13:33 14.05.2024     374

Xəbər veridiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

Görüş zamanı çıxış edən dövlət başçısı Ermənistana və onun havadarlarına sərt xəbərdarlıq edib. İlham Əliyev bildirib ki, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar.

Prezident deyib ki, Fransa, Amerika bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil.

Milli Məclisin deputatı Fəzail Ağamalı Redaktor.az-a bildirdi ki, Prezidentin mesajı, bu xəbərdarlığı təkcə Ermənistana deyil, Ermənistanı bu gün dağıdıcı silahlarla silahlandıran Fransaya və digər ölkələrə aiddir.

"Əlbəttə, bu kifayət qədər ciddi, təsiredici və son xəbərdarlıqdır. Ermənistan Azərbaycan dövlətinin gücünü bilir. Ermənistanın həm cəmiyyəti, həm onun iqtidarı, müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin qətiyyətinin, yenilməzliyi və sözünə sahib çıxdığının dəfələrlə şahidi olub. Ona görə də nəticə çıxarmalıdırlar və nəticə çıxarmaqdan başqa onların digər variantı yoxdur. Digər variant Ermənistan dövlətinin və Ermənistan cəmiyyətinin tamamilə çökməsi və Ermənistan dövlətinin tamamilə xəritədən silinib getməsi ola bilər. Hər halda bu xəbərdarlıqlar öz təsirini 44 günlük müharibədən sonra Ermənistana göstərib. Məncə bu mesaj da özünün əhəmiyyətli təsirini göstərəcək", - deyə millət vəkili qeyd etdi.

Humay İSGƏNDƏRLİ