"Yarımçıq qalmış proseslər Ermənistan hakimiyyəti üçün çox böyük təhlükələr vəd edir" - Əziz Əlibəyli

 14:46 14.05.2024     361

Bildiyimiz kimi, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Almatıda görüş keçirilib. Görüşdə tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.

XİN başçılarının Almatı görüşünü Redaktor.az-a şərh edən politoloq Əziz Əlibəyli dedi ki, Ermənistan dövləti növbəti bir tarixi imtahandan keçir.

"İndi regionun gələcəyi ilə bağlı nə cür davranacaq, nə cür töhfə verəcək, onlardan asılıdır. Onlardan asılı olan bir məsələ də var. Ermənistan və Azərbaycan XİN başçıları sonuncu dəfə iki ay əvvəl Almaniyada görüşmüşdülər, amma ondan əvvəl isə bir il ərzində xarici işlər nazirlərinin görüşü mümkün olmadı. Əsas yanaşma, nöqtə də bundan ibarət idi ki, bir il ərzində danışıqlarda irəliləyişin olmaması, müxtəlif platformalardakı danışıqların uğursuzluqla başa çatmasına yönəlik idi. Amma nə oldu ki, iki ay əvvəl görüş dərhal bərpa olundu, onun nəticəsinə yönəlik hansısa bir açıqlama verilmədi, amma üçüncü tərəfin iştirakı olmadan tərəflər Almatada danışıqları davam etdirməyə qərar verdilər? Burada bir neçə faktor var", - deyən müsahibimizin sözlərinə görə, önəmli faktorlardan biri budur ki, danışıqların davam etdirilməsi razılığı bəyan olundu:

"Bu, format olaraq çox önəmli bir məsələdir. İkincisi bu kontekstdə yaşanır ki, Ermənistanda hakimiyyət dəyişikliyi olma ehtimalı qismən var. İndiki şəraitdə həqiqətən Ermənistan hakimiyyəti üçün daha təhlükəli rəqib kimdir? Kilsədir, arxasındakı revanşistlərdir, yoxsa Azərbaycandır? Hansı ki, Azərbaycanın mövqeyi, konturları, qüdrəti bəllidir. Kilsənin arxasındakı güc, onların vəd etdikləri təhlükələri bildirmək mümkün deyil. Ona görə də Ermənistan Xarici İşlər Nazirliyinin səsləndirdiyi və bildirdiyi mövqeyin arxasında o məsələ dayanır ki, Azərbaycanla bəlli bir nöqtəyə gəlməyə məcburdurlar. Çünki yarımçıq qalmış proseslər, daimi Azərbaycan təhlükəsinin olması, Ermənistanda revanşizmə rəvac verən baxışların ciddi ölçüdə artması, Ermənistan hakimiyyəti üçün çox böyük xarici və daxili təhlükələr vəd edir. Ona görə həm üçüncü qüvvələrin təsirindən kənar danışıqların davam etdirilməsi müsbətdir, həm bu demarkasiya prosesi üzərində aparılırsa, bu, müsbətdir, həm sülh prosesi kontekstində irəliləmənin olmasına yönəlik üstün bir prosesdir, həm də Nikol Paşinyanın daxili siyasətinin, xarici siyasətinin vacib bir reaksiyasıdır".

Humay İSGƏNDƏRLİ