Azərbaycanla sülh müqaviləsinin imzalanmasının vaxtı çatıb - Paşinyan
Azərbaycanla əldə olunan razılaşmaların sülh müqaviləsinə daxil edilməsinin və imzalanmasının vaxtı çatıb.
Redaktor.az "news.am"a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bütün çağırışlara baxmayaraq, Ermənistan demokratiyanın əsl və ən arzuolunan yoldaşının davamlı və sabit sülh olduğuna inanır. “Hökumətim buna görə məsuliyyəti öz üzərinə götürüb. Biz bu yaxınlarda Azərbaycanla 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlətlərarası sərhədlərimizin demarkasiyası prosesinə başlamaq barədə razılığa gəldik. Bu o deməkdir ki, demarkasiya zamanı biz sadəcə olaraq Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında Alma-Ata Bəyannaməsinə görə dövlət sərhədlərinə çevrilən inzibati sərhədləri bərpa etməliyik”, - Paşinyan bildirib.
“Dünyanın kəsişməsi” layihəsi ilə bağlı baş nazir qeyd edib: “Regional sabitliyimiz üçün daha bir mühüm məqam mənim hökumətim tərəfindən irəli sürülən “Dünyanın kəsişməsi” layihəsidir. Bu layihə nəzərdə tutur ki, Ermənistan və Azərbaycan keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında, bərabərlik və qarşılıqlılıq prinsiplərinə uyğun olaraq nəqliyyat və digər kommunikasiyaları bərpa edib açacaqlar”.
Paşinyan əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində irəliləməyə hazır olduqlarını vurğulayıb. “Mən vurğulamaq istəyirəm ki, demokratiya Ermənistan üçün strategiyadır. Biz demokratiyaya inanırıq, demokratiyada yaşayırıq”, - deyə o, yekunlaşdırıb.
Turan İSMAYIL