"Belarus Azərbaycanın ona etdiyi yaxşılığı unutmadı" - AÇIQLAMA

 16:52 17.05.2024     405

Xəbər verdiyimiz kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko iki gündür ölkəmizdə səfərdədir. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, mətbuata bəyanatlarla çıxış ediblər, həmçinin Azərbaycan-Belarus arasında sənədlər imzalanıb.

Ölkəmizdə dövlət səfərində olan Lukaşenko bu gün Füzuli rayonuna gedib, Şuşada, Cıdır düzündə olub.

Eyni zamanda Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi salmağı planlaşdırır.

Lukaşenkonun ölkəmizdə səfəri haqqında Redaktor.az-a danışan politoloq Cümşüd Nuriyev dedi ki, Belarus lideri 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycanın haqq işini dəstəkləyib.

"Lukaşenko Paşinyana daha çox sərt cavab verən dövlət başçısıdır. Azərbaycan-Belarus münasibətləri çox yüksək səviyyədədir. Hazırda da Belarusda bizim səfirimiz Məhərrəm Əliyevdir, yüksək peşəkarlıqla Azərbaycan-Belarus münasibətlərinin yeni mərhələyə keçməsinə xidmət edir. Hər şeydən öncə Belarus Prezidenti Lukaşenko ilə Azərbaycan Prezidenti İlham Əliyev yaxın dostdurlar və birgə fəaliyyət göstərirlər. Bu, vaxtilə Belarus ən ağır vəziyyətdə olanda Azərbaycanın ona verdiyi kreditlə də bağlıdır, Belarus bu yaxşılığı unutmur, sağ olsunlar. Bundan başqa, Azərbaycan-Belarus münasibətləri həm MDB çərçivəsində kifayət qədər yüksək səviyyədədir, həm də ümumiyyətlə, beynəlxalq aləmdə də bizim münasibətlərimiz qarşılıqlı hörmətə əsaslanır. Kimin ona münasibətinin, necə olmasından asılı olmayaraq, Azərbaycanın Belarusa münasibəti müsbətdir. Füzuliyə, Şuşaya, Cıdır düzünə getdi, ermənilərin törətdiyi vəhşilikləri gördü. Şuşaya Belarus markalı traktorlar bağışladı, Ağdamda 420 ailəlik bir kəndi tikməyi, layihələşdirməyi üzərinə götürüblər. Hazırda Azərbaycan üçün istənilən hər hansı bir xırda köməyə ehtiyacımız olmasa da, bu, bizə verilən yüksək qiymətdir. Ona görə Belarus Prezidentinin Azərbaycana rəsmi səfərə gəlməsinin, Azərbaycanla bağlanmış ikitərəfli memorandumların, razılaşmaların Azərbaycan- Belarus münasibətlərini daha yüksək səviyyəyə daşıyacağına inanıram", - deyə politoloq bildirdi.

Humay İSGƏNDƏRLİ