"Sahibə xanımın Simonyanla görüşü müsbət addımdır" - Vahid Əhmədov

 17:50 17.05.2024     403

Ötən gün Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü keçirilib.

Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları fonunda iki ölkənin parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib, tərəflər parlamentlər arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Sədrlərin görüşü haqqında Redaktor.az-a danışaan Milli Məclisin deputatı Vahid Əhmədov dedi ki, son zamanlar Azərbaycan rəsmiləri mütəmadi olaraq belə görüşlər keçirirlər:

"Xarici işlər nazirlərinin də bu yaxınlarda görüşləri oldu, sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən razılığa gəldilər. O cümlədən də, Milli Məclisin sədri Sahibə xanım Qafarova da Cenevrədə Simonyanla görüşdü. Bu görüşlərin əsas məqsədi sülh sazişinin imzalanmasını yaxınlaşdırmaqdan ibarətdir. Çünki Paşinyanın çıxışları da kifayət qədər müsbət məqamlara yüklənib ki, sülh sazişi imzalana bilər. Müəyyən delimitasiya məsələləri var, bu müəyyən qədər vaxt apara bilər, amma çərçivə sazişi imzalana bilər. Çünki burada elə bir ciddi problem yoxdur. Amma çərçivə sazişindən sonra sülhlə əlaqədar bir neçə saziş də imzalana bilə. Sahibə xanımın görüşü əlbəttə, müsbət addımdır, iki dövlətin rəhbərləri arasında təmasların daha da genişlənməsinə, məhz münasibətlərin normallaşmasına gətirib çıxaracaq".

Humay İSGƏNDƏRLİ