"İrandakı faciəli hadisə dövlətlərimiz arasındakı münasibətlərə təsir edə bilməz" - Deputatdan AÇIQLAMA

 13:44 20.05.2024     785

"Bildiyiniz kimi, mayın 19-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin və nümayəndə heyətlərinin görüşü olub. Görüş dostluq, qardaşlıq şəraitində keçib, tərəflər Azərbaycan və İran arasında əlaqələrin bundan sonra da yüksək səviyyədə davam edəcəyinə əminliklərini ifadə ediblər. Tərəflər iki xalq, iki dövlət arasında gələcəkdə çox mühüm layihələrin həyata keçirilə biləcəyinə inamlarını da bildiriblər. Elə həmin gün Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli ötən gün sərhəddə Azərbaycan və İran prezidentlərinin görüşünü şərh edərkən dedi.

Millət vəkili daha sonra bildirdi ki, görüşdən sonra geri dönən İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin və onu müşayiət edən şəxslərin İran ərazisində helikopter qəzasında həlak olmaları, üzücüdür.

"Azərbaycan dövlət başçısı bununla bağlı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə başsağlığı verib. Təbii ki, görüşdə dövlət başçılarının İran-Azərbaycan münasibətləri və bu münasibətlərin gələcəyi ilə bağlı dedikləri, ilk növbədə iki dövlət başçısının fikridir və dövlətlərimizin mövqeyini ifadə edir. Buna görə də helikopter qəzası ilə bağlı baş verən faciəli hadisə dövlətlərimiz arasındakı münasibətlərə təsir edə bilməz. Prezidentlərin 19 mayda İran-Azərbaycan sərhədindəki görüşdə elan etdikləri qardaşlıq və dostluq münasibətləri, inanıram ki, bundan sonra yüksələn xətlə inkişaf edəcək və etməlidir. Bunu hər iki dövlətin və onların xalqlarının milli maraqları, bütövlükdə regionun əmin-amanlığı tələb edir", - deyə Əziz Ələkbərli vurğuladı.

Humay İSGƏNDƏRLİ