Sahibə Qafarova ermənistanlı həmkarı ilə görüşündən DANIŞDI

 12:35 21.05.2024     175

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 2024-cü il 21 may tarixli plenar iclasında çıxışı zamanı ötən dövrdə – aprel-may aylarında Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində görülmüş işlər haqqında məlumat verib.

Redaktor.az-ın məlumatına görə, spiker öncə qeyd edib ki, bu dövrdə Milli Məclis sədrinin iki ölkəyə rəsmi və iki ölkəyə də işgüzar səfərləri həyata keçirilib.

"Monteneqro Respublikasına aprelin 25-də başlanan üç günlük rəsmi səfər gedişində ölkə Prezidenti Yakov Milatoviç,  Parlamentin sədri Andrija Mandiç, Baş nazirin müavini Aleksa Becic ilə görüşlər oldu.

Qeyd edim ki, Milli Məclis sədrinin Monteneqro Respublikasına rəsmi səfəri ilk dəfə həyata keçirilirdi.

Aparılan danışıqlarda dost və strateji tərəfdaşlıq haqqında məsələlər nəzərdən keçirildi və ikitərəfli münasibətlərin gücləndirilməsində parlamentlərin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti də vurğulandı.

Həmsöhbətlərimə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra Cənubi Qafqaz regionunda mövcud olan vəziyyət, həyata keçirilən tikinti və quruculuq işləri, Ermənistanla aparılan sülh danışıqları barədə məlumat verdim.

Bəzi dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli münasibətinin və qarayaxma kampaniyasının regionda gərginliyi artırmağa və münaqişəni yenidən alovlandırmağa xidmət etdiyini bildirdim.

Mayın 12-13-də Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərdə məqsəd bu şəhərdə keçirilən Asiya Qadınlar Forumunda iştirak etmək idi. Forumda “Qadınların iqtisadi, sosial və siyasi hüquq və imkanlarının genişləndirilməsinə regional yanaşma” mövzusunda müzakirələr aparıldı.

Öz çıxışımda mən Azərbaycanda qadın hüquqlarının inkişafı sahəsində əldə edilən nailiyyətlərdən danışdım. Qadınların ictimai həyatın bütün sahələrində fəal iştirak etdiyini və yüksək vəzifələrdə təmsil olunduğunu bildirdim. Qeyd etdim ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti qadınlarımızın cəmiyyətin və ölkəmizin inkişafına dəyərli töhfələrini təcəssüm etdirir.

Səmərqənddə Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə mənim görüşüm keçirildi.

Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olundu. Söhbət zamanı mən Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırlatdım, türk dövlətləri arasında əlaqələrin dərinləşməsində Azərbaycan və Özbəkistanın dövlət başçılarının rolunu xüsusi qeyd etdim.

Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında parlamentlərin roluna da diqqət yetirildi. Parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları nəzərdən keçirildi.

Mayın 14-15-də Milli Məclis sədrinin Sinqapur Respublikasına ilk rəsmi səfəri həyata keçirildi.

Səfər gedişində Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam, Parlamentin sədri Seah Kian Penq, Davamlılıq və ətraf mühit naziri Qreys Fu ilə görüşlərim oldu.

Görüşlərdə ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olundu. Beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində uğurlu iş birliyi qeyd edildi.  

Mən Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti haqqında məlumat verdim, Şəbəkənin parlamentlərimizin əməkdaşlığı üçün mühüm bir platforma ola biləcəyini vurğuladım.

Parlamentlərin qarşılıqlı fəaliyyətinin ikitərəfli münasibətlərdə mühüm rol oynadığını, parlamentlərarası təşkilatlarda bir-birimizi dəstəkləmək üçün iş birliyini daha da genişləndirməyin vacibliyini nəzərə çatdırdım.

Bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 konfransı haqqında geniş fikir mübadiləsi aparıldı. Bakının evsahibliyi ilə təşkil olunacaq bu mühüm beynəlxalq tədbirə hazırlıqla bağlı görülən işlər barədə məlumat verdim.  

COP29 çərçivəsində keçiriləcək tədbirlərə Azərbaycan Milli Məclisinin də fəal surətdə qoşulduğunu bildirdim. Milli Məclisin Parlamentlərarası İttifaqla birlikdə təşkil edəcəyi Parlament toplantısı haqqında məlumat verdim. Sinqapur nümayəndələrinin də bu tədbirdə iştirakı məsələləri nəzərdən keçirildi.

Mayın 15-17-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərdə məqsəd Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak etmək idi.  

İclasda etdiyim çıxışda Parlament Sədrlərinin 6-cı Dünya Konfransının təşkili ilə bağlı fikirlərimi bölüşdüm. Birləşmiş Millətlər Təşkilatında və onun Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyini və həmin islahatlar barəsində Parlamentlərarası İttifaqın da yeni təkliflər hazırlamasının əhəmiyyətini bildirdim.

Qadın Parlament Sədrlərinin Sammitinə hazırlıq məqsədi ilə qadın parlament sədrlərinin görüşü keçirildi. Öz çıxışımda  mən dünyada gender bərabərliyinin təmin olunması məsələlərində qarşıya çıxan problemlərdən danışdım. Bildirdim ki, növbəti Sammitdə qadınların ictimai fəallığının artırılması, onların təhsil hüququnun reallaşdırılması, yüksək vəzifələrdə təmsil olunması mövzuları geniş müzakirə edilməlidir.

Cenevrə şəhərində Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında COP29 çərçivəsində Parlament toplantısının təşkili ilə əlaqədar Anlaşma Memorandumu imzalandı.

Sənəd  Milli Məclisin sədri və Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq arasında imzalandı.

Cenevrəyə işgüzar səfər çərçivəsində BMT-nin bu şəhərdəki Ofisinin Baş direktoru Tatyana Valovaya ilə görüşüm oldu. Qeyd edim ki, görüş BMT-nin Ofisindəki “Azərbaycan otağında” keçirildi.

Təşkilatla ölkəmiz arasında münasibətlərə dair müzakirələr aparıldı. Müasir qlobal çağırışların həllində parlament diplomatiyasının əhəmiyyəti nəzərə çatdırıldı.

“Azərbaycan otağının” Heydər Əliyev Fondu tərəfindən bərpa olunduğu vurğulandı. Fondun çoxşaxəli fəaliyyəti, o cümlədən BMT-nin layihələrində fəal iştirakı yüksək qiymətləndirildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparıldı", - deyə Sahibə Qafarova bildirdi.

Spikerin sözlərinə görə, Cenevrədə Azərbaycan və Ermənistan parlamentləri sədrlərinin ikinci görüşü də keçirildi:

"Görüşdə Azərbaycanla  Ermənistan arasında sülh danışıqlarının aparıldığı şəraitdə iki ölkənin parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi davam etdirildi. Hesab edirəm ki, Milli Məclisin nümayəndə heyətlərinin dörd ölkəyə rəsmi və işgüzar səfərləri uğurlu keçdi və bununla əlaqədar nümayəndə heyətlərinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm.

Ötən dövrdə Milli Məclisdə Bolqarıstan və Konqo prezidentləri, Malayziya, İraq, Latviya parlamentlərinin sədrləri, Türkiyə, İtaliya, Gürcüstan, Əlcəzair, Yeni Kaledoniya parlamentlərinin təmsilçiləri, Çin Xalq Respublikasının Xarici Ölkələrlə Dostluq Assosiasiyasının sədri, Beynəlxalq Parlamentarilər Konqresinin Baş katibi, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası Parlamentlərarası Assambleyasının Baş katibi və rəhbərlik etdikləri nümayəndə heyətləri, Türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri və digər rəsmi şəxslər ilə mənim görüşlərim olub.

Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb".

Humay İSGƏNDƏRLİ