Milli Məclis özünü buraxacaq? - Vahid Əhmədovdan AÇIQLAMA

 15:17 21.05.2024     440

Bildiyimiz kimi, Konstutisiyaya əsasən 2024-cü ilin noyabr ayında Azərbaycanda növbəti parlament seçkiləri keçirilməlidir. Lakin Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu yaxınlarda bildirib ki, seçkilər bir az önə çəkilə bilər. Lakin o, bunun səbəbi haqqında məlumat verməyib.

Saytımıza açıqlama verən bəzi millət vəkilləri isə hesab edirlər ki, seçkilərin önə çəkilməsi ölkəmizdə noyabr ayında keçiriləcək COP29 tədbiri ilə bağlıdır. Yəni böyük bir beynəlxalq tədbirlə parlament seçkilərinin eyni aya təsadüf etdiyi üçün seçkilər bir qədər önə çəkilə bilər. 

Bu gün mətbuatda iddia olunub ki, Milli Məclisin iyun ayında keçiriləcək növbədənkənar sessiyasında parlament özünü buraxacaq və bundan sonra ölkədə yeni deputat seçkiləri keçiriləcək. 

Bu məlumat nə qədər doğrudur? Milli Məclis özünü buraxacaqmı?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov dedi ki, bu haqda heç bir məlumatı yoxdur:

"Amma Milli Məclisin yaz sessiyası mayın 31-də bitməyəcək, deputatlar vaxtın uzadılması ilə bağlı müraciət ediblər, iyun ayında bəzi məsələlərə baxılacaq. Həm də dövlət büdcəsində dəyişiklik etməliyik, neftin qiyməti ilə əlaqədar əlavə müəyyən vəsait daxil olub, onun bölüşdürülməsini həyata keçirəcəyik. Ola bilsin ki, parlament seçkiləri ilə əlaqədar da hansısa məsələ olsun, amma bu haqda məlumatım yoxdur".

Humay İSGƏNDƏRLİ