"Nasaz helikopterin uçuşuna icazə verilməsi özünəqəsddir" - AÇIQLAMA

 16:43 21.05.2024     370

Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzada dövlət başçısı başda olmaqla, xarici işlər naziri, digər rəsmilər və ekipaj üzvləri həlak olub.

Qeyd edək ki, bəzi dairələr bu hadisənin İbrahim Rəisiyə qarşı sui-qəsd olduğunu ehtimal edirlər.

Bəs İran daxilində hansısa qüvvələr bunu həyata keçirə bilərmi? Rəisi daxili çəkişmələr səbəbindən öldürülə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Sədrəddin Soltan söylədi ki, bütün dövlətlərin, rəsmi mənbələrinin istinad etdiyi məsələ əlverişsiz hava şəraitidir.

"İkinci bir məsələ helikopterin köhnə olmasıdır. Helikopterin köhnə olması səbəbi də İranın nüvə proqramına görə 90-cı ilin ortalarından bu ölkənin mülki aviasiyasına sərnişin təyyarələrinin, helikopterlərin və ehtiyat hissələrinin satışının qadağan olunmasıdır. Yəni iki variant var. Ona görə də İran hakimiyyəti daxilində müxtəlif zamanlarda çəkişmələr olduğundan bu ehtimallar da yaranır ki, İbrahim Rəisi hakimiyyətdaxili didişmələrin qurbanıdır. Çünki İranın müasir tarixində belə bir hadisə olub. 1981-ci ildə İranın ikinci prezidenti Məhəmmədəli Rəcai olub. Bu Rəcai baş nazir və indiki ali rəhbər Ayətullah Seyid Əli Xamenei bir yerdə mədəniyyət evində görüş keçirirdilər, bu zaman həmin mədəniyyət evində partlayış nəticəsində prezident və baş nazir ölmüşdü, Xamenei isə yaralanmışdı", - deyən politoloqun sözlərinə görə, hadisəni o vaxt iki formada dəyərləndirdilər:

"Biri hakimiyyətdaxili ziddiyyətin nəticəsi kimi, digəri isə müxalif qüvvələrin törətdiyi əməl kimi. Ona görə İranın müasir tarixində, elə monarxiya dövründə də saray daxili didişmələrdə də məsələləri, ziddiyyətləri bu yolla həll edirdilər. Bu baxımdan Rəisinin həlak olması ilə bağlı bu variantlardan, ehtimallardan biri kimi irəli sürülür. Bunu dünyanın aparıcı mətbuat orqanları belə qeyd edirlər. Amma bu açıqlama deyil, dünyanın aparıcı dövlətlərinin heç bir kəşfiyyat orqanı bu məsələ ilə bağlı açıqlama yaymayıb. Məsələn, İsrail, ABŞ, Böyük Britaniya, Rusiya, Çin, yəni bu ölkələr və başqa ölkələr də bu məsələ ilə bağlı heç bir açıqlama yaymadı. Çünki belə bir ehtimalın yaranması da boşdan ortalığa çıxmır. Ağır, əlverişsiz hava şəraitində nasaz helikopterin uçuşuna icazə verilməsi bütün hallarda özünəqəsddir və bu prezidentin təhlükəsizliyinə məsuliyyətsiz və laqeyd münasibətdir".

Humay İSGƏNDƏRLİ