AXC dövründə ərazi-sərhəd məsələlərinin həllinə qısa baxış
Birinci hissə
Bu gün Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası, iki ölkə arasında ərazi-sərhəd mübahisələrinin həlli diqqət mərkəzindədir. Gələcək münasibətlərin qurulmasında mühüm rol oynayacağını nəzərə alaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu məsələlərə necə yanaşıldığını, tarixi təcrübənin nədən ibarət olduğunu təfərrüata varmadan, tezis şəklində bir daha xatırlatmaq istədim. Qeyd edək ki, AXC dövründə ərazi-sərhəd məsələlərinin həlli sahəsində Azərbaycan hökumətinin fəaliyyətini əks etdirən kifayət qədər arxiv sənədləri və materiallar mövcuddur.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər Rusiya imperiyasının tərkibində muxtariyyət hüquqları belə tanınmayan, ölkənin milli ucqarları sayılan bölgələr, Azərbaycan, Gürcüstan və Ermənistanın sərhədləri hüquqi, siyasi baxımdan qeyri-müəyyən idi. Cənubi Qafqazın hər üç xalqı üçün həyati əhəmiyyət kəsb edən bu məsələdə ilk əlverişli şans 1918-ci ilin fevralında Zaqafqaziya Seyminin təşkili ilə yarandı. Rusiya Müəssislər Məclisini tanımaqdan imtina edən Cənubi Qafqazdan olan deputatların Tiflisdə yaratdıqları bu qurum ümumən regionda yeni müstəqil dövlətlərin qurulması yolunda ilk uğurlu təşəbbüslərdən biri olmaqla, Seymi yaradanlar arasında ərazi-sərhəd məsələlərinin həlli istiqamətində konkret fəaliyyətin başlanması baxımından da diqqətəlayiqdir.
Azərbaycan, Gürcüstan və Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi məsələsinin Seym daxilində həlli üçün bütün fraksiyalarının iştirakı ilə 1918-ci ilin mart ayında Osmanlı (Türkiyə) tərəfi ilə Trabzon danışıqları başlanmışdı. Bağlanacaq sülh müqaviləsinin Türkiyə ilə 1914-cü il sərhədlərinin bərpa edilməsinə əsaslanması razılığına gəlinməsi gözlənilirdi. Ancaq qarşılıqlı iddialar səbəbindən danışıqlar nəticəsiz bitdi.
1918-ci il mayın 11-də ərazi-sərhəd problemlərinin həlli məsələsinin müzakirəsi məqsədi ilə Batum konfransı öz işinə başladı. Konfransın davam etdiyi günlərdə erməni-gürcü birləşmələri ilə döyüşlərdə qan axıdılması ilə əlaqədar Türkiyə tərəfi Brest-Litva sazişində nəzərdə tutulandan əlavə ərazilərin – Tiflis quberniyasının Ahalsix, Ahalkələk rayonları, Aleksandropol və Eçmiədzin bir həssəsinin ona verilməsini, dünya müharibəsi qurtaranadək Transqafqaz dəmiryolundan istifadə hüququ tələb edirdi. Konfrans işini Seymin dağılmasından, Cənubi Qafqazda yeni cümhuriyyətlərinin yaradılmasından sonra iyun ayının 4-də başa çatdırdı. Azərbaycan, Gürcüstan və Ermənistan arasında ərazi-sərhəd məsələlərinin çözülməsi mümkün olmasa da, hər üç respublikanın Türkiyə tərəfi ilə ayrılıqda sülh müqaviləsi bağlaması, bu sənədlərdə sərhədlərin keçdiyi ərazilərin təsbit edilməsi, xəritələrdə əksini tapması müsbət hal idi.
Belə ki, Cənubi Qafqaz respublikaları ilə Osmanlı imperatorluğu arasında sərhədlərin müəyyənləşdirilməsi haqqında məsələnin ilk dəfə rəsmi surətdə əksini tapdığı müqavilələr imzalandı. “Osmanlı imperatorluğu höküməti ilə Azərbaycan Cumhuriyyəti arasında dostluq müqaviləsi” (1918-ci il 4 iyun) Azərbaycan üçün sərhədlərin müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsi baxımından bu gün də xüsusi əhəmiyyət kəsb edir. Çünki həmin sənəddə Azərbaycan-Türkiyə sərhədlərinin müəyyən edilməsi ilə əlaqədar həm Gürcüstan, həm də Ermənistanla bu sərhədlərin qovuşma əraziləri dəqiq göstərilmişdir. Başqa sözlə, bu müqavilədə Azərbaycanın sonrakı illərdə tarixi şəraitlə bağlı zorla, ya siyasi məqsədlərlə guya könüllü surətdə qonşu dövlətlərə verilməklə itirilən, yaxud qonşular tərəfindən mübahisəli hesab olunan əraziləri qeyd edilib. Ermənistanla imzalanmış müqaviləyə görə, Ermənistan Transqafqazda 9,8 min kvadratkilometr (təqribən 10 min) əraziyə malik dövlət idi. Ermənistan tərəfindən müqaviləni O.Kaçaznuni, A.Xatisyan və M.Papacanov imzalamışdılar. 14 maddədən ibarət müqaviləyə əsasən, Ermənistan Brest-Litovsk müqaviləsinin şərtlərini qəbul etdi. Eçmiədzin və Aleksandropol (Gümrü) Türkiyəyə keçir, Türkiyə Aleksandropol-Culfa dəmir yolundan istifadə etmək hüququ alırdı. Ermənistanın sərhədi İrəvan yaxınlığından keçirdi. Onun ixtiyarında cəmi 6 km-lik dəmir yolu qalmışdı. Batum müqaviləsinə görə, Ermənistan və Gürcüstan hökumətləri öz ərazilərində yaşayan müsəlman əhalisinin təhlükəsizliyini, azad inkişafını təmin etmək, ana dilində təhsil almaq, dini ayinlərin sərbəst icrasına şərait yaratmaq haqqında təəhhüd götürürdülər. 1918 il 4 iyun tarixli müqavilələrə əlavə sazişlər də imzalanmışdı.
1920-ci ilə qədər Ermənistanın 9,8 min kv.km. ərazisi 2 dəfədən çox, sovet hakimiyyətinin ilk iki ilində isə təqribən 2,8 dəfəyə yaxın artmışdı. Bu ərazilərin cüzi istisnalarla, demək olar ki, hamısı Azərbaycanın əzəli, tarixi torpaqları idi.
Azərbaycan Respublikası adından Milli Şuranın sədri M.Ə.Rəsulzadənin və xarici işlər naziri M.H.Hacınskinin imzaladıqları müqavilənin 3-cü maddəsinə əsasən bu üç respublika öz aralarında dövlət sərhədlərini müəyyən edərək protokollaşdırmalı və Osmanlı imperatorluğu hökümətinə müvafiq qaydada məlumat verməli idi. 4-cü maddədə isə Osmanlı hökuməti Azərbaycan hökumətinə qayda-qanun və ölkənin təhlükəsizliyinin təmin olunmasına ehtiyac duyulduğu təqdirdə, hərbi qüvvə ilə kömək etməyi öhdəsinə götürdüyü bildirilirdi. Müqavilənin 5-ci maddəsində gələcəkdə yaradılacaq sərhəd mühafizə qüvvələrinin də başlıca vəzifələrindən olacaq, o dövrdə mühüm əhəmiyyət kəsb edən bir məsələyə toxunulurdu: “Azərbaycan Respublikası hökuməti həmin ərazilərin hüdudlarında silahlı quldur dəstələrinin təşkilinə ciddi-cəhdlə mane olmağı və bu ərazidə sığınacaq tapmış quldur dəstələrini tərksilah edib, zərərsizləşdirməyi öz öhdəsinə götürür”.
Həmin illərdə dövlət sərhədlərinin müəyyən edilməsi ilə əlaqədar Cənubi Qafqaz respublikaları özlərinə yaxın bildikləri, nüfuzlu, bölgədəki problemləri həll etməyə iqtidarı çatan bir neçə dövlətə öz layihələrini təqdim etmişdilər. Azərbaycan nümayəndələrinin ərazi-sərhəd məsələləri ilə bağlı Türkiyə və Almaniya tərəfinə təqdim etdikləri layihədə Azərbaycana daxil edilən ərazilər aşağıdakı kimi göstərilmişdi: bütün Bakı vilayəti (Bakı şəhəri daxil olmaqla Bakı qəzası, Cavad, Göyçay, Şamaxı, Quba, Lənkəran qəzaları), Gəncə vilayəti (Gəncə, Qazax, Cəvanşir, Şəki, Ərəş, Qarabağ, Cəbrayıl, Zəngəzur qəzaları), İrəvan vilayəti (Naxçıvan, Şərur-Dərələyəz, Yeni Bəyazid qəzaları), Tiflis vilayəti (Borçalı, Sığnaq qəzaları və Tiflis qəzasının bir hissəsi), Zaqatala sancağı. Bu layihəyə görə Borçalı vasitəsi ilə Azərbaycanla Türkiyə arasında dəhliz açılmalı idi.
Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi üçün hazırlanmış həmin layihələrin birinə əsasən Azərbaycan ərazisi 840.000 verst və ya 96.502 km2 mübahisəsiz əraziyə malik idi. Paris sülh konfransının katibliyinə təqdim edlmiş 50 səhifəlik “Qafqaz Azərbaycanı Respublikasının nümayəndəliyinin Paris sülh konfransına memorandumu”nda hökumətin nəzarəti altında olan mübahisəsiz ərazinin 837.866 kv. verst, yaxud 94.137,38 kv. km. olduğu göstərilirdi. Həmin illərdə dərc olunmuş Ünvan - təqvimdə isə Azərbaycanın mübahisəsiz ərazisi 853.489 kv. verst /97 297,67 km2/, mübahisəli ərazilərlə birlikdə 999.088,7 kv. verstə, 113,895, 97 kvadratkilometrə bərabər idi.
Əslində 114,000 km2-dən də artıq sahəyə malik olan Azərbaycannın ərazisinin hər üç halda mövcud olduğundan az göstərilməsi Azərbaycan hökumətinin qonşularla normal münasibətlərin qurulmasına necə yüksək qiymət verməsinin göstəricisi hesab etmək olardı.
Cənubi Qafqaz respublikaları arasında sərhədlərin müəyyənləşdirilməsi sahəsində Azərbaycan tərəfindən ilk addım 1918-ci il iyunun 26-da Zaqatala dairəsi Milli Şurası bölgənin Azərbaycana birləşməsi haqqında yekdilliklə qərar qəbul etməsi ilə atıldı. İyunun 30-da isə AXC höküməti özünün müvafiq qərarı ilə Zaqatala dairəsinin Azərbaycanın tərkibinə daxil edilməsini rəsmiləşdirdi.
1918-ci il avqustun 21-də Gürcüstan höküməti Azərbaycan və Gürcüstan arasında mübahisəli sərhəd məsələlərini həll etmək üçün arbitraj komissiyanın yaradılması haqqında qərar qəbul etdi və avqustyn 31-də bu barədə Azərbaycan tərəfinə məlumat verildi. Xüsusi komissiyada ərazi və onunla bağlı digər məsələləri həll edəcək konfransın keçirilməsi erməni nümayəndələrinin gəlməməsi səbəbindən mümkün olmadı. Hələ iyun ayından irəli sürülən Zaqafqaziya konfransı ideyasının həyata keçirilməsinə 1918-ci ilin oktyabr ayında yenidən cəhdlər göstərildi. Konfransın gündəliyinə Gürcüstan höküməti 4 məsələ irəli sürürdü. Konfransda iştirak edən dövlətlərin qarşılıqlı surətdə bir-birini tanıması, bütün mübahisəli məsələlərin, o cümlədən sərhədlər haqqında mübahisələrin həlli bu təkliflərin əsasını təşkil edirdi. Ermənilərin günahı ucbatından konfransın vaxtı 3 dəfə dəyişdirildi. Noyabrın 14-də ermənilərsiz açılan konfrans daha 2 dəfə təxirə salındı.
1918-ci ilin dekabrında qısamüddətli erməni-gürcü münaqişəsindən sonra Azərbaycan-Gürcüstan münasibətləri yenidən ön plana keçməyə başladı. Əzəli Azərbaycan torpaqları olan Borçalını ermənilərlə paylaşdıran Gürcüstan tərəfi Azərbaycanın Zaqatala dairəsinə dair bir neçə iddia ilə çıxış etdi. Bu niyyətlərini reallaşdırmağa çalışan gürcülər həmçinin bu dairəyə aid iş və sənədlərin verilməsindən imtina edirdilər. Doğrudur, həmin dövrədək və sonrakı vaxtlarda da gürcülərin də əsas ərazi mübahisələri ermənilərlə bağlı idi.
1919-cu ilin martında Parlamentdə 4-cü hökümətin proqramı ilə çıxış edən yeni Baş Nazir N.Yusifbəyli bəyan edirdi ki, xarici siyasət sahəsində əsas vəzifə böyük dövlətlərin Azərbaycanın suverenliyini tanımaqlarına nail olmaq, ölkənin ərazi bütövlüyünü təmin etmək, qonşu dövlətlərlə mehriban, xoş münasibətlər saxlamaqdan ibarət olacaqdır. Göründüyü kimi, hökumətin qarşısında duran əsas məsələlələrdən biri sərhədlərin müəyyənləşdirilməsi və təsdiq edilməsindən ibarət olacaqdı.
Lətif BABAYEV,
tarix üzrə fəlsəfə doktoru