AXC dövründə ərazi-sərhəd məsələlərinin həllinə qısa baxış - İkinci hissə

 09:56 23.05.2024     211

Bu gün Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası, iki ölkə arasında ərazi-sərhəd mübahisələrinin həlli diqqət mərkəzindədir. Gələcək münasibətlərin qurulmasında mühüm rol oynayacağını nəzərə alaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu məsələlərə necə yanaşıldığını, tarixi təcrübənin nədən ibarət olduğunu təfərrüata varmadan, tezis şəklində bir daha xatırlatmaq istədim. Qeyd edək ki, AXC dövründə ərazi-sərhəd məsələlərinin həlli sahəsində Azərbaycan hökumətinin fəaliyyətini əks etdirən kifayət qədər arxiv sənədləri və materiallar mövcuddur.

1919-cu ilin əvvəllərində nəzərdə tutulan Qafqaz konfran­sının çağırılması yalnız həmin il aprelin son­ların­da reallaşdı. Ermənilər 1919-cu il may ayının 28-də Türkiyənin 7 vilayətinin (Van, Bitlis, Diyarbəkir (cə­nu­­bunu çıxmaqla), Xarpurt, Sebastiya (qərb hissəsini çıxmaqla), Karin və Trabzon, Kilikya adlandırdıqları ərazinin isə guya 4 san­cağı (Maraş, Sis, Cebel-Be­rket, Aleksandretto ilə birlikdə Adana) Ermənis­ta­na ilhaq olunması və vahid Ermənistan yaradılması barədə akt qəbul edib kon­fransdakı nümayəndələrinə göndərmişdilər. Paris sülh konfransında erməni nüma­yən­də heyə­tinin başçısı A.Ağaronyanın dediyi kimi, bununla onlar “bütün er­mə­ni xalqının, birləşmiş Ermənistanın marağını ifadə etdiklərinə”, ölkələrini “dənizdən-dənizə” çıxaracaq­larına ümid edirdilər.

Ermənilərə görə, “Tür­ki­yə Ermə­nistan”ı adlandırdıqları ərazinin 7 vilayəti ilə yanaşı, Qafqaz Er­mə­nistanının bütün əra­zisi, bütün İrəvan quberniyası, keçmiş Tiflis və Yelizavetpol (Gəncə) quber­niya­ları­nın cənub his­sələri, Qars və Ər­dəhan onlara məxsus olmalı idi. Beləlik­lə, Qara dənizdən Aralıq də­nizinə, Azərbaycanın «Qarabağ dağlarından tutmuş Ərə­bis­ta­nın sərha­la­rı­nadək” olan ərazilərin alınması planlaşdırılmış və ermə­ni­lər tərəfindən böyük müttəfiq dövlətlərdən tələb edilmişdi.

Qafqazda olan ABŞ missiyasının vasitəçiliyi ilə Tiflisdə 1919-cu ilin 23 noyab­rın­da münaqişə vəziyyətində olan Azərbaycan-Ermənistan arasın­da sazişin imzalanması, ingilislərin də əslində, bu ölkələr arasında hərbi əməliyyatların dayandırılması və razılığa gəlin­məsi təşəb­büs­ləri Cənubi Qafqazda ərazi-sərhəd mübahisələrinin öz həllini tap­masına müəyyən şərait yarada bilərdi. Ancaq bu ümidlər tezliklə puça çıxmışdı. Ameri­kanların Qafqaz­dan çıx­ma­sı və 1919-cu ilin dekabrında keçirilmiş Azər­baycan-er­mə­­ni konfransının lazımi razılaşmaların əldə edil­­məməsi səbəbindən, başlıcası erməni tərəfinin qeyri-kon­s­truk­tiv mövqe­yi ucbatından saziş pozuldu.

Ermənistan-Azərbaycan konfransının 2-ci iclası 14 dekabr 1919-cu ildə keçi­ril­miş­­dir. Konfransın gün­də­­liyinə hökumətlər arasında fikir mübadiləsi ilə razılaşdırılmış üç məsələ salına­cağı qərara alınmışdı. Birincisi - ərazi məsələsi; ikincisi – qaçqınlar haqqında məsələ; üçün­cüsü – ticarət və dəmiryolu sazişləri. Konfransda Azərbaycan Respublikası nüma­yən­də heyətinin rəh­bəri Fətəli Xan Xoyski Cənubi Qafqaz respublikalarının konfederasiyası ideyasını irəli sür­müş­dü.

Ümumiyyətlə, ermənilərin ərazi və ölkələr arasında sərhəd xəttinin müəyyən edilməsinə dair iddialarına görə, Azərbaycanla Ermənistan arasında sərhəd xətti Gən­cə yaxınlı­ğın­dan keçərək Kür çayı boyunca uzanır, sonra isə Qarabağı ağuşuna alaraq Zəngəzur və Cəbrayıl qəzalarının inzibati sərhədləri boyunca İran sərhəd­lə­rinə qovuşurdu. Bu halda bütün İrəvan quberniyası və Gəncə quberniya­sı­nın əksər torpaqları ermənilərə verilməli idi. Ermənilərin gürcülərə qarşı olan, Tiflis quberniyasının bir hissəsinin və digər ərazilərin onlara məxsusluğu ba­rə­də iddiaları Gürcüstanı da bu qarşıdurmaya cəlb etmişdi.

Sovet dövründə Azərbaycanın tarixi ərazilərinin bədxah qon­­şuların ərazi­ləri kimi göstərilməsi cəhdlərinə baxmayaraq, bəzi kənar mənbələrdə Azərbay­canın Ermənistanla mübahisəli sərhədləri barədə obyektiv məlumatlar da əksini tapmışdır. Rusiya ordusu­nun Mərkəzi dövlət arxivində Azərbaycan-Ermənistan sərhədlərini əks etdirən belə dəyərli sənədlərdən biri “Azərbaycan Sovet So­sia­lis­t Respublikasının mübahisəsiz ərazisinin Ermənistanla sər­həd­dinin təs­­viri”dir. Həmin sənəddən: “Azərbaycanla Ermənistanın sərhəddi Sürməli qə­zasından Araz çayınadək olan əvvəlki inzibati sərhəddən keçir: Ağa­m­zalı, Baş-Gərni və İmirzin kəndlərindən, daha sonra Yeni-Bəyazit və Şərur-Dərələyəz qəzalarından keçərək Göyçə gölündən elə dö­nür ki, Gözəl-Dərə kəndi Ermənistana, Daşkənd və Basarkeçər kənd­ləri Azərbaycana keçir. Sərhəd Göyçə gölünü yarıdan bö­lür, son­radan Gən­cə və İrəvan quberniyalarından elə keçir ki, Çubuğlu kən­di Ermə­nistana, Göyçə gölünün qalan şərq sahili isə Azər­baycana qalır. Bu bölgü əsasında Azərbaycan ərazisinə Gəncə qu­berniyası və Sürmə­li, Naxçıvan, Şərur-Dərələyəz, İrəvan quber­niyaları­nın bütün qəza­ları, eləcə də Kəmərli, Böyük-Vedi və Dəvəli kəndləri ilə birlikdə İrəvan quberniyasının qəzaları, Yeni-Bəyazitin şərq hissəsi daxildir”.

Azərbaycan və Ermə­nistan cümhuriyyətlərin mövcudluğu dövründə ərazi-sərhəd məsələlərinin çözülməsi səyləri sonadək davam etdirildi, ancaq həllini tap­madığı üçün hər iki respublikanın sərhəd­lərinin müda­fiəsi üçün müvafiq tədbirlərin görülməsinə əngəllər törətməklə, bolşevik işğa­lına yol açan səbəblərdən birinə çevrildi.

Azərbaycan Xalq Cümhuriyyətinin Cənub sərhədlərinə gəlincə, bu sərhədlər 1828-ci il «Türk­mən­çay» sülh müqaviləsində müəyyən edilmiş xətt boyunca uzanırdı və müstəqil dövlətin qurulmasından sonra da bu sərhədlər əsasən dəyişilməz qalmışdı. İran tərəfi ilə sərhədlərin mühafizəsi məsələləri də daxil olmaqla müna­si­bət­lərin niza­mlanması sahəsində danışıqlara gəlincə, 1919-cu il noyabr ayının 1-də Parisdə 4 maddədən ibarət İran-Azərbaycan İttifaqı haqqında saziş hazırlanmışdı. Həmin sazişə görə, Rusiyada hansı dövlət forması və qu­ruluşa ma­lik olmasından asılı olmayaraq, Qafqaz Azərbaycanı Azərbaycan nüma­yəndəliyinin Sülh konfransına təqdim etdiyi tələblər­də və xəritələrdə göstərilən sərhədlərdə qəti surətdə birdəfəlik Rusiyadan ayrılırdı. Ora­da həmçinin Azərbaycan özünün müstəqilliyinin tanın­masın­da, hər cür qəsdən qorunmasında, təhlükəsizliyinin təmin olunmasında, siyasi, iqtisadi və mədəni inkişa­fında, hərbi gücündə İra­nın etdiyi kö­mək şəklində, İngil­tərənin də həqiqi köməyinə eh­ti­yac duyduğu göstərilirdi. Azər­baycan tərəfi bununla İngiltərənin müda­fiəsinə nail olmağa can atırdı.

1919-cu ilin ikinci yarısına qədər Lən­kəran qəzası və Muğanın bir hissəsi tamamilə müstəqil Azərbaycan hakimiyyətinin tabeliyinə keçmə­mişdi. Bu ərazilərdə qondarma Muğan Respublikası yaradılmışdı. Həm bu separatçı qüvvə, həm də dövlətə müqavimət göstərən digər silahlı dəstələr mövcud idi. Həmin qüv­vələrin qəti surətdə məğlub edilməsi yalnız Hərbi Nazirliyin bir­ləş­mələri tərəfindən həyata keçirilən 1919-cu ilin uğurlu avqust hərbi əməliy­ya­tın­dan sonra mümkün oldu.

1920-ci il mart ayının 20-də İran tərəfi ilə bağlanmış dostluq haqqında müqavilə ilə isə Azər­­baycan Xalq Cümhuriyyətinin müstəqilliyini de-yure tanıdığını təntənəli surətdə elan edən İran dövləti ikitərəfli mü­na­sibətlərin inkişafı, o cümlədən sərhədlərin təh­lü­kə­siz­li­yinin tə­mi­na­tında maraqlı olduğunu göstərmişdi.

Xalq Cümhuriyyətinin qurucuları, xüsusən Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski Azərbaycanın tarixi ərazilərini bərpa etməsini, qonşu dövlətlərin özününküləşdirməyə çalışdığı torpaqların Azərbaycandan ayrılmasına imkan verilməməsini qətiyyətlə irəli sürür və buna danışıqlar vasitəsilə nail olunmasını təklif edirdilər. Həmçinin sərhədlərlə bağlı hazırlanan və digər tərəfə təqdim edilməsi nəərdə tutulan layi­hə­lərdə Azərbaycanın hüdudları için­də qalan qəza və san­caqların bir-bir sayılmasını, dəqiq göstərilməsini zəruri hesab edirdilər. Azərbaycan Parlamentinin 2-ci iclasında (1918-ci il 10 dekabr) çıxış edən M.Ə.Rəsulzadə İrəvanla yanaşı, Tiflis quberniyasının bir hissəsinin də Azərbaycana məx­­sus ol­du­ğunu qeyd edir, Borçalının türk və müsəlmanlarla məskunlaşmış his­sə­­si­nin Azərbaycandan ayrılmayacaq bir bütövü təşkil etdiyini, eyni zamanda, Zən­gəzur, Qara­bağ uyezdinin yenə Azərbaycanın tərkib hissəsi kimi ondan ayrılmasının müm­künsüzlüyünü bildirirdi. Onun qeyd etdiyi kimi, Azərbaycan bu mübahisəli mə­sə­lələri daim demokratik mövqedən, qılınc ilə deyil, sülh ilə həll olunmasını hər za­man istəmiş, indi də istəyirdi. Arzu edirdi ki, Gür­cüstan və Ermənistan hö­ku­mətləri öz aralarındakı ixtilaflı məsələləri məhz sülh və müsalimət ilə həll etsinlər.

Parlamentin 20 dekabr 1918-ci ildə keçirilən dördüncü iclasında Fətəli xan Xoyski deyirdi: “İkinci dəfə biz Gürcüstandakı səfərimiz vasitəsilə yenə təşəbbüsatda bulunduq. Səfirimiz gürcülər ilə bahəm layihə hazırladı ki, Tiflisdə beynəlmiləl Zaqafqaziya konfransı çağırılsın. Sizə məlum olsun ki, bu konfransın çağırılmasını biz özümüz təklif etmişdik. Konfransın layihəsi hazırlandı, təşrini saninin 10-na təyin edildi. Sonra 17-sinə, 20-nə, 30-na olmaq üzrə dörd dəfə təxir edildi. Fəqət bununla bərabər konfransa gəlmədilər. Hökümət belə işləri təklif edib, bu xüsusda yazar, xəbər verər, daha gedib özgə hökumətlərin qolundan tutub gətirə bilməzdi”.

1919-cu ilin mayında Denikin könüllülərinin Dağıstana hücum edərək Mahaçqala və Dərbəndi tutmaları, Azərbaycanın şimal sərhəd­lə­rini təhdid etmələri də hökumətdən daha sayıq ol­ma­ğı tələb edirdi. Təəssüf ki, bir qədər sonra Bakı rayonundakı müttəfiq qoşunları komadanlığı da Azər­­baycanın müdafiəsi üçün zəruri olan Xəzər donanmasını Azərbaycana deyil, ge­ne­ral Denikinə verməyi daha məqsədəuyğun hesab etmişdi. Lakin Azərbaycan hökumətinin ciddi səyləri nəticəsində donanmanın müəyyən hissəsinin Azərbaycana verilməsi məsələsi həllini tapmışdı. 1919-cu ilin yayında ingilislərin Bakını tərk edərkən şəhər limanının idarəçiliyini, hərbi hissələrin radiostan­siyalarını, hərbi gə­milərin və hərbi sursatın bir hissəsini Azərbaycan hökumətinin sərəncamına təhvil ver­məsi bu sahədə vəziyyətin müsbət istiqamətdə dəyişməsinə şərait yaratmışdı. Həmin gəmilə­rin əsasında Azərbaycanın Xəzər donanmasını yaratmaq mümkün olmuşdu. Rusiya tərəfinin bütün etiraz və açıq-gizli hədə­lə­ri­nə baxmayaraq, artıq 1919-cu ilin sonunda bir neçə hərbi gəmi və sualtı qayıq Xəzər dənizində dövlət sərhədlərini qoruyurdu. Bu, ayrıca bir məqalənin mövzusu olduğundan ona toxunmuruq. Ancaq bolşeviklər tərə­fin­dən sürətlə cənuba sıxışdırılan Denikin 1920-ci il fevralın 7-də Azərbaycanı rəsmi olaraq tanıdığını elan etdi.

Cənubi Qafqaz respublikalarının müstəqilliyinə olan ciddi təhlükə, o cümlədən Denikin təhlükəsi ilə əlaqədar 1919-cu il iyunun 16-da Azər­baycanla Gürcüstan arasında üç il müd­də­tinə saziş bağlanmışdı. Həmin sazişiin 4-cü maddəsində sərhəd məsələləri də əksini tapmış­dı: “Razılığa gələn tərəflər onlar arasında meydana çıxa biləcək sərhədlər haqqında mübahisələri saziş və ya arbitraj yolu ilə həll etməyi öhdələrinə götürürlər”.

Ərazi-sərhəd mübahisələrinin həllini sürətləndirmək, Cənubi Qafqazın gənc müstəqil dövlətləri arasında əlaqələri ge­niş­ləndirmək məqsədi ilə 1920-ci il martın 5-də Azərbaycan höku­mə­tinə Böyük Britaniya nümayəndəliyi adından müraciət edən nümayəndə Uordrop hər üç respublikanın siyasi və iqti­sa­di xarakterli münasibətlərə girəcəklərinə öz hökumətinin ümidlərini ifadə et­miş­di. O bildirirdi ki, London və qar­şıdakı San-Remo konfransında bu ölkələrin sərhəd­ləri məsələsinin müzakirəsi nəzərdə tutulduğu üçün Azərbaycan hökumətinin tarixi-etnoqrafik dəlillərlə əsaslandırılmış ərazi tə­ləb­lərinə dair ingilis nümayən­dəli­yi­nə xüsusi məruzə təqdim etməsi və Qafqaz respublikalarının ən qısa vaxtda öz ara­la­rın­da bir çox müba­hisələrin həlli üçün danışıq­lara başlaması məqsədəuy­ğdur. An­­caq erməni tərəfinin yerlərdə sərhədlər məsələsini həll etmək müm­kün olmadığından bu məsə­lənin Avropada müttəfiqlərin köməyi ilə həll edilməsi barədə əssasız id­dialarına görə London konf­ran­­sında həmin dövrdə Cənubi Qaf­qazdakı status-kvo təsdiq olun­madı. Çünki bu təkliflə Azərbaycan və gürcü tərəfi razılaşmamış­dı. Gürcülər hər üç respublikanın arbitraj komissiyası yaradıb sərhəd­lər məsələsini həll etməsi, yalnız bu müsbət nəticə vermədiyi hal­da mə­sələnin Avropaya keçirilməsini təklif etmişdilər.

Lətif BABAYEV,

tarix üzrə fəlsəfə doktoru