Bakı ilə İrəvan arasında sülh müqaviləsi müsbət nəticələr verəcək - Hakan Fidan

 17:00 22.05.2024     218

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanması bütün Cənubi Qafqaz üçün müsbət nəticələr verəcək.

Redaktor.az “TRT Haber” telekanalına istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkdilli Ölkələrin Parlament Assambleyasının iclasında deyib.

O, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında mayın 11-də Almatıda keçirilən görüşdə sülh müqaviləsinin bağlanması üzrə danışıqların davam etdirilməsi ilə bağlı əldə olunmuş razılaşmaları alqışlayaraq, Türkiyənin Azərbaycan tərəfini bundan sonra da dəstəkləyəcəyini qeyd edib:

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması təkcə iki ölkə üçün deyil, bütün region üçün müsbət nəticələr verəcək”.

Bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mayın 20-də baş tutan telefon danışığında Bakı ilə İrəvan arasında sülh prosesinin gedişatını müsbət qiymətləndirib.

Ankara dəfələrlə bəyan edib ki, Bakı ilə İrəvan arasında 2022-ci ildən müzakirə olunan sülh müqaviləsinin bağlanması Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına kömək edəcək.

Turan İSMAYIL