Spikerdən Müstəqillik Günü TƏBRİKİ

 19:58 24.05.2024     209

"4 gündən sonra may ayının 28-də ölkəmizdə Müstəqillik Günü qeyd ediləcək. 106 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması xalqımızın zəngin dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi idi. Demokratik və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar təkcə ölkəmizin deyil, bütün müsəlman Şərqinin siyasi təkamülündə mühüm rol oynamışdır. Bu günün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi Azərbaycan xalqının demokratik düşüncəyə və həyat tərzinə, ümumbəşəri dəyərlərə bağlı olduğunu göstərirdi".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 24 may tarixli plenar iclasında çıxışı zamanı biıdirib. 

"Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ənənələrdən bəhrələnərək 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmişdir. Təəssüf ki, o vaxtkı ölkə rəhbərliyinin qeyri-peşəkarlığı nəticəsində Azərbaycan çıxılmaz problemlər məngənəsinə düşmüşdü. Müstəqil dövlətçiliyin itirilməsi təhlükəsi tam real idi.  
1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin misilsiz idarəçilik məharəti, əzmkarlığı və yorulmaz səyləri nəticəsində dövlətin qarşısında dayanan ağır problemlər həll edildi,  Azərbaycan sistemli böhrandan çıxıb ardıcıl inkişaf yoluna qədəm qoydu.
Ümummilli Liderimizin inkişaf strategiyasını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı gələcəyə inamla baxan, geniş bir bölgədə söz sahibi olan qüdrətli dövlətə çevirmişdir.  
Onun rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində əldə edilən möhtəşəm qələbələr nəticəsində erməni işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açmış, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişmişdir. 
Əminliklə söyləmək olar ki, möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan dövləti qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, dünyanın sayılıb-seçilən ölkələri sırasında yerini daha da möhkəmləndirəcəkdir", - deyə spiker bildirib. 

Sahibə Qafarova təklif edib ki, Müstəqillik günü münasibəti ilə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlansın:
"Azərbaycan xalqının və dövlətinin bu günü və gələcəyi naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayaq. 

Hörmətli həmkarlar, Müstəqillik günü münasibəti ilə mən sizin hər birinizi səmimi qəlbdən təbrik edirəm! Hamınıza möhkəm can sağlığı, firavanlıq və xoşbəxtlik arzulayıram. 
Eyni zamanda, mən burada həmişə bizi müşayiət edən media nümayəndələrini də ürəkdən təbrik edirəm".

Humay İSGƏNDƏRLİ