"Bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır" - Spiker

 21:37 24.05.2024     311

Mayın 24-də Heydər Əliyev Mərkəzində Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Milli  Məclisin sədri Sahibə Qafarova iştirak edib.

Tədbiri giriş sözü ilə Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze açıb.

Redaktor.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova dost və qardaş Gürcüstanın Müstəqillik günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.

Spiker çıxışında deyib ki, Gürcü və Azərbaycan xalqlarının tarixi talelərində oxşar cəhətlər çoxdur. Ötən əsrin əvvəllərində biz təqribən eyni vaxtda dövlət müstəqilliyimizi elan etmişdik. O zaman Gürcüstanda qurulmuş demokratik respublika gürcü xalqının dövlətçilik ənənələrinin inkişafında müstəsna rol oynamışdır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bugünkü müstəqil Gürcüstan iyirminci əsrin əvvəllərində başa çatdırılmamış işləri uğurla davam etdirir və inamla inkişaf edir. Ölkənin sosial-iqtisadi tərəqqisi, xalqın rifah halının yaxşılaşdırılması və gələcəyinin təmin olunması istiqamətində düşünülmüş siyasət həyata keçirilir. Bütün sahələrdə əldə olunan nailiyyətlər Gürcüstanın dostu olaraq bizləri olduqca sevindirir.

Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu deyən spikerin sözlərinə görə, əsrlər boyu xalqlarımız bir yerdə olmuş, həmişə dostluq və mehriban qonşuluq şəraitində yaşamış və daim bir-birini dəstəkləmişdir. Bugünkü əlaqələrimiz də məhz bu möhkəm təmələ, xalqlarımızın iradəsinə əsaslanır. O deyib ki, müstəqilliyimizin bərpasından ötən dövr ərzində dövlətlərarası münasibətlərimiz dinamik və hərtərəfli inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Sahibə Qafarova diqqətə çatdırıb ki, ölkə liderlərinin qarşılıqlı səfərləri, müntəzəm görüşləri onların bu əlaqələrə nə dərəcədə böyük əhəmiyyət verdiyinin bariz ifadəsidir. Dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq münasibətlərimizin bütün sahələrdə daha da möhkəmlənməsinə və dərinləşməsinə güclü təkan verir.

Çıxışında bu gün ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlığın çoxsaylı istiqamətlər üzrə – iqtisadiyyat, enerji, nəqliyyat-logistika, təhsil, mədəniyyət, turizm və digər sahələrdə uğurla inkişaf etdiyini söyləyən Milli Məclisin sədri qeyd edib ki, elə bir sahə tapmaq çətindir ki, biz o sahədə əməkdaşlıq etməyək. İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın hərtərəfli fəaliyyəti səmərəli işbirliyimizin daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır. Ölkələrimizin birgə həyata keçirdiyi mühüm layihələr xalqlarımızın firavan gələcəyini təmin edir. Bu layihələr yalnız Cənubi Qafqazın sabitliyinə və inkişafına töhfə vermir, həm də bütöv Avrasiya regionu üçün böyük əhəmiyyət daşıyır.

Ölkələrimiz arasında humanitar əməkdaşlıq məsələlərinə də toxunan spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar humanitar əlaqələrimizin inkişafında mühüm rol oynayırlar. Milli Məclisin sədri xüsusilə vurğulayıb ki, təhsil, elm, mədəniyyət sahəsində görülən işlər, xüsusən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr xalqlarımızın bir-birini daha da yaxından tanımasına imkan yaradır.

Çıxışında ölkələrimiz arasında beynəlxalq platformalarda əməkdaşlıq məsələlərinə də toxunan Sahibə Qafarova deyib ki, Azərbaycanla Gürcüstan arasında mövcud olan güclü tərəfdaşlıq, əlaqələrimizin əsas səciyyəvi xüsusiyyətləri olan qarşılıqlı inam və etimad beynəlxalq miqyasda fəaliyyətimizdə də öz əksini tapır. Bütün beynəlxalq təşkilatlarda Azərbaycan və Gürcüstan daim həmrəylik nümayiş etdirir. Xüsusən, ölkələrimizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı məsələlərində hər zaman qarşılıqlı dəstək mövcuddur. Bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır.

O vurğulayıb ki, Azərbaycanla Gürcüstan arasında mövcud olan bugünkü münasibətlər region ölkələri arasında sıx əməkdaşlığın nə dərəcədə əhəmiyyətli və faydalı olmasının bariz nümunəsidir. Spiker əmin olduğunu bildirib ki, möhkəm təməllər üzərində qurulan dostluğumuz və tərəfdaşlığımız qarşıdakı illərdə daha da sürətlə inkişaf edəcək, xalqlarımızın tərəqqisinə xidmət edəcəkdir.

222