"Xankəndidə Rusiya konsulluğunun açılması hər hansı bir təhlükə təşkil etmir" - Fəzail Ağamalı

 16:48 29.05.2024     759

Bildiyimiz kimi, Rusiya Azərbaycanın Xankəndi şəhərində baş konsulluq açmaq istəyir.

Bu fikirlərlə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin çıxış edib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı dedi ki, Rusiyanın bu niyyəti  Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və bütövlükdə Qarabağ ərazisinin Azərbaycanın tərkib hissəsi kimi etirafı deməkdir.

"Həm Rusiya ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, diplomatik sahələrdə də əməkdaşlığın yüksək səviyyədə qurulması niyyətini özündə ifadə edir. Artıq Xankəndi və onun ətrafındakı torpaqlarımız Azərbaycana qovuşub. Ermənistanın Azərbaycana qarşı işğalına tamamilə son qoyulub, dörd anklav kəndlərimizin qaytarılması prosesi də gedir. Xankəndidə separatçı xunta rejimi darmadağın olunub, o tamamilə məhv edilib. Rusiyanın sülhməramlı qüvvələri Azərbaycandan çıxarılıb. Artıq Rusiyanın Azərbaycanda hər hansı hərbi-siyasi təsiri yoxdur. Xankəndidə Rusiyanın konsulluğunun açılması hər hansı bir təhlükə təşkil etmir və məncə, xoş niyyətləri də özündə ifadə edir. Bu, tamamilə normal bir yanaşmadır, normal bir təklifdir və düşünürəm ki, bu təklif Azərbaycan-Rusiya münasibətlərinin inkişafına özünün töhfəsini verəcəkdir", - deyə millət vəkili bildirdi.

Humay İSGƏNDƏRLİ