"Rusiya konsulluq üçün əgər Xankəndini seçirsə, bunun böyük siyasi mənası var" - AÇIQLAMA

 17:39 29.05.2024     357

Xəbər verdiyimiz kimi, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin ölkəsinin Azərbaycanın Xankəndi şəhərində baş konsulluq açması təklifi ilə çıxış edib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Cümşüd Nuriyev söylədi ki, Xankəndidə baş konsuluğun açılması Rusiyanın Azərbaycana olan bir diplomatik jestidir:

"Xankəndi işğaldan yenicə azad olub, Azərbaycan vətəndaşları ora sentyabrda köçəcəklər. Belə bir şəraitdə Karasinin bu çıxışı o deməkdir ki, Azərbaycan bu və ya digər formada Rusiyanın siyasi maraq dairəsindədir. Yəni konsulluğun orada açılmasına əslində etiraz etməyə ehtiyac yoxdur. Çünki ən çox Rusiyada yaşayan azərbaycanlılar məhz elə həmin işğal olunmuş ərazilərdən didərgin düşmüş həmyerlilərimizdir. Onlar nə üçün Bakıya gəlsin, burada Rusiya səfirliyindən keçsin? Həm Rusiya əgər Xankəndini seçirsə, Gəncəni, digər yerləri seçmirsə, deməli, bunun böyük siyasi mənası var. Əslində konsuluq açılsa yaxşı olar".

Humay İSGƏNDƏRLİ