"Ermənistan azərbaycanlılara vurduğu ziyanı ödəməlidir" - Xocalının deputatı

 18:20 30.05.2024     238

"Bütün torpaqlarımız kimi Xocalı da erməni işğalçılarından tamamilə təmizləndi və quruculuq işlərinə, Böyük Qayıdışa başlandı".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov danışıb.

O bildirib ki, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatlarından sonra azad edilmiş ərazilərdə böyük işlər görüldü:

"Xocalıda görülən işlər göz qabağındadır. Biz Xocalı soyqırımına məruz qalıb, məğlub halda çıxmışdıq. Ancaq 32 il sonra - 28 may Azərbaycanın Müstəqillik Günündə Xocalıya başı uca qayıtdıq. Faciə qurbanlarını, Vətənin bütövlüyü uğrunda canını qurban verən igid əsgərlərimizi bir daha Xocalıda andıq.

Bu gün ümumilikdə 49 ailə Xocalıda, öz doğma yurdunda məskunlaşıb. Bu qayıdış davam edəcək və Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2026-cı ilə qədər 140 min nəfərdən çox keçmiş məcburi köçkün öz doğma torpaqlarına - Qarabağa qayıdacaq".

E.Məmmədov qeyd edib ki, ölkə başçısı xocalılarla görüşündə mühüm ismarışlar verib:

"Prezident bildirdi ki, Ermənistan Xocalı soyqırımına görə üzr istəməlidir. Biz şahidi olmuşuq ki, dövlət başçısı nə deyibsə, mütləq edib. Təkcə üzrlə kifayətlənə bilmərik. İnanırıq ki, soyqırımını törədənlər, insanlığa qarşı dəhşət yaşadan qatillər, hərbi cinayətkarlar, canilər öz layiqli cəzalarını alacaqlar. Ermənistan hökuməti azərbaycanlılara vurduğu ziyanı ödəməli, təzminat verməlidir.

Bu gün hamımız üçün sevincli, qürurlu gündür. 32 ildən sonra xocalılar doğma Xocalıya, yurd-yuvalarına qayıdıblar. Biz də növbəmizi gözləyirik, tezliklə yurdumuza köçəcəyik".