"Dəymiş zərərə görə Ermənistandan kompensasiya tələb edilməlidir" - Ekspert
“Bütün bu dağıntı və tələfatlara görə, Ermənistan beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyət daşıyır“.
Bunu Redaktor.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əli Mustafa işğal dövründə Ermənistanın ərazilərimizdə törətdiyi mina çirkliliyinə görə qarşı tərəfdən kompensasiya alınması məsələsinə münasibət bildirərkən dedi.
Onun sözlərinə görə, Ermənistanın məsuliyyətini qəbul etdirmək üçün beynəlxalq məhkəmə və qurumlara müraciət etmək lazımdır:
“Ermənistan işğal dövründə ərazilərimizdə məlum dağıntılar həyata keçirib. Eyni zamanda faydalı qazıntıların istismarı ilə də məşğul olub. Təbii ki, bu proses zamanı istimar qaydalarını da ciddi şəkildə pozmuşdur. Onu da qeyd etmək lazımdır ki, işğal dövründə ərazilərimizə basdırılan partlayıcı qurğular, minalar torpağın tərkibi və məhsuldarlığına da təsir etmişdir. Təsəvvür edin ki, ölkə ərazisinin 12 faizə qədəri minalanıb. Bu da o deməkdir ki, ölkədə təxminən milyon yarım mina mövcuddur".
Əli Mustafa hesab edir ki, bütün bu dağıntı və tələfatlara görə, Ermənistan beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyət daşıyır.
Təbii ki, beynəlxalq hüququn bir çox cəza normaları var ki, qarşı tərəf bu cəzaların demək olar hamısını haqq edir. Düşünün, bu minaları zərərsizləşdirmək üçün uzun illər və böyük vəsait lazımdır. Ermənistanın bu istiqamətdə məsuliyyətini qəbul etdirmək üçün sadəcə olaraq bütün zərərləri sənədləşdirmək, beynəlxalq məhkəmə və qurumlara müraciət etmək lazımdır. Bununla da qarşı tərəfdən dəymiş zərərə görə kompensasiya tələb etmək lazımdır”, - deyə ekspert bildirdi.
Yusif SƏMƏDZADƏ