Sahibə Qafarova deputatlara son səfərindən danışdı
"Bildiyiniz kimi, Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti mayın 27-28-də Antiqua və Barbudanın paytaxtı Sent-Cons şəhərində işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransında iştirak etmək idi".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
"Dünyanın müxtəlif ölkələrindən hökumət üzvləri olmaqla yüzdən çox nümayəndənin iştirak etdiyi toplantıda mən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxudum. Müraciətin mətni mətbuatda dərc edilib və yəqin ki, tanış olmusunuz.
Səfər çərçivəsində bir sıra görüşlər keçirildi. Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalves, Kubanın Vitse-prezidenti Salvador Antonio Valdes Mesa, Antiqua və Barbudanın Nümayəndələr Palatasının sədri Cerald Uott və Senatın sədri Alinsia Vilyams Qrant ilə danışıqlarda Azərbaycanın bu ölkələrlə münasibətlərinə dair fikir mübadiləsi aparıldı. Beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulandı", - deyə spiker bildirib.
Humay İSGƏNDƏRLİ