"Bayden Ukrayna xalqının taleyi ilə oynayır" - Politoloq

 13:37 31.05.2024     365

“Baydenin ABŞ silahları ilə bağlı bu cür açıqlamasına baxmayaraq, qərar prezident tərəfindən verilə bilməz. Bu mövzu Birləşmiş Ştatların Senat və Konqresində müzakirə edilməlidir”. 

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli ABŞ Prezidenti Co Baydenin Ukrayna Silahlı Qüvvələrinə Amerika istehsalı silahlarla Rusiya ərazilərinə zərbə endirməyə icazə verməsinə münasibət bildirərkən dedi.

“Əvvəla bu, Baydenin seçki öncəsi verdiyi əsassız açıqlamadır və bu bəyanatın arxasında hər hansısa real faktor dayanmır. Digər tərəfdən Ukrayna onsuz da Rusiya ərazisinə raket zərbələri endirir. Bu raketlər də təbii ki, Ukraynanın özü tərəfindən istehsal edilməyib. İndiki vəziyyətdə də belə bir istehsal potensialı da yoxdur. Bu silahların əhəmiyyətli hissəsi vaxtilə Şərqi Avropada SSRİ dövründən qalıb. 

Lakin indiki məqamda sözügedən məsələ Konqresdə müzakirəyə çıxarılarsa, respublikaçılarla demokratlar arasında fikir ayrılığına səbəb olacaq.

Çox güman ki, respublikaçılar bu addımın reallaşmasına imkan verməyəcək. Bu zaman Bayden seçkiqabağı bu cür bəyanat uyduracaq ki, məhz Ukraynadakı uğursuzluqların əsas səbəbkarı respublikaçılardır. Görünən odur ki, bu bəyanat Baydenin daxili-siyasi proseslərdə Ukrayna xalqının taleyi ilə oynamasından başqa bir şey deyil”, - deyə Elçin Mirzəbəyli qeyd etdi.

Yusif SƏMƏDZADƏ