"Paşinyana Ermənistan cəmiyyətində təsir edə biləcək qüvvə yoxdur" - Politoloq

 18:15 31.05.2024     401

“Nəticə etibarilə nümayişlərə bir keşiş liderlik edir. Artıq Ermənistanda başa düşürlər ki, gərginlik arta bilər”.

Bu sözləri Redaktor.az-a açıqlamasında siyasi ekspert Samir Hümbətov Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın liderliyi ilə keçirilən etiraz aksiyalarına münasibət bildirərkən qeyd edib.

“Nümayişlərin arxasında duran qüvvələrin kimliyi və bu aksiyaların məqsədi məlum məsələdir. Əslində keşiş dini fiqur olduğundan onun rəhbərliyi ilə təşkil edilən etiraz aksiyalarının insanlara daha çox təsiri olacağı düşünülmüşdü. Lakin proseslər gözlənilən effekti vermədi. Düzdür, 20-25 min insanın proseslərdə iştirakı oldu. Lakin nəticə etibarilə nümayişlərə bir keşiş liderlik edir. Artıq Ermənistanda başa düşürlər ki, sözügedən proseslər fonunda gərginlik arta bilər. Belə olan halda, ölkənin xaotik durumla üz-üzə qalma ehtimalı artır", - deyən həmsöhbətimiz hesab edir ki, bu baxımdan da, bu vəziyyətdə keşişin nəsə edəcəyinə ümid yoxdur:

"Nümayişlərin çox geniş kütləyə çevrilməsi və bunun Paşinyan hakimiyyətinə təsiri olmayacaq. Artıq etirazçılar gözlənilən nəticəni əldə edə bilmədi. Bundan sonra erməni xalqının da bu nümayişlərə qoşulmasına və geniş kütlələri əhatə etməsinə güman azdır". 

S.Hümbətovun fikrincə, hələ ki, Ermənistanın Baş naziri Nikol Paşinyana erməni cəmiyyətində təsir edə biləcək qüvvə yoxdur.

"Görünür, Paşinyan xalqa mövcud vəziyyəti anlada bilib. Digər tərəfdən bu amil də proseslərin gedişatına təsir edib”, - deyə ekspert vurğuladı.

Yusif SƏMƏDZADƏ