"Nə Ermənistanda keşişin etirazları, nə də Gürcüstanda ABŞ-nin planları heç nəyə yaramayacaq”

 16:27 03.06.2024     264

Məlum olduğu kimi, Gürcüstanda "Xarici agentlər" adı ilə məşhur olan “Xarici təsirin şəffaflığı haqqında” qanun böyük etirazlara səbəb olub. Bununla bağlı ölkədə kütləvi aksiyalar keçirilib. Bütün bu etirazlara baxmayaraq, Baş nazir İrakli Kobaxidze hökuməti geri çəkilmədi və Gürcüstan parlamenti sözügedən qanunu səs çoxluğu ilə qəbul etdi. Bu dəfə isə ölkənin Qərb yönümlü Prezidenti Salome Zurabişvili Rusiya layihəsi kimi tanınan "Xarici agentlər" qanununa veto qoydu.

Lakin Rusiya yönümlü hökumət yenə geri çəkilmədi və Gürcüstan parlamentinin hüquq komitəsi prezidentin "Xarici agentlər" haqqında qanuna veto qoymasının ləğv edilməsini təsdiqlədi. Nəhayət bu gün Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzaladı.

Qeyd edək ki, Gürcüstan parlamenti daha əvvəl sözügedən qanunu qəbul etdikdən sonra Qərb ölkələri, xüsusilə ABŞ bu ölkəyə qarşı qəzəblərini gizlətmədilər. Hətta Amerika bu ölkəni sanksiyalarla hədələdi.

Bəs parlament sədrinin həmin qanunu imzalamasından sonra Gürcüstanda proseslər hansı istiqamətdə irəliləyəcək? 

Gürcüstandakı proseslərlə bağlı Redaktor.az-a danışan politoloq Cümşüd Nuriyev öncə xatırlatdı ki, Mixail Saakaşvili Amerikanın dəstəyi ilə hakimiyyətə gətirildi və ardınca, Gürcüstan Cənubi Osetiya, eləcə də Abxaziyanı itirdi:

"Bundan sonra gürcülər özləri Saakaşvilini bitirdilər. Baxmayaraq ki, bu şəxs bir islahatçı idi. Daha sonra hakimiyyətə gələn Bidzina İvanişvili də əlaqələr tam çökməsin deyə əl altından Rusiya ilə də münasibətlər qurdu. O, Qərbin mövqeyini də anlayırdı. Buna görə də onlar bir növ sərbəst olmaq istəyirdi. Təbii ki, bu da Amerikanın xoşuna gələ bilməzdi. Kobaxidzenin də hakimiyyətə gətirilməsi onun gəncliyi ilə bağlıdır. Yəni, Gürcüstanın ABŞ-yə qarşı öz sözlərini söyləməsi bu insanın çılğınlığı ilə daha asan başa gəldi. 

Belə sual yaranır: həmin qanun pis bir şeydirsə, niyə bu cür qanun 20 ildən çoxdur ki, ABŞ-də də qüvvədədir? Bəs niyə indi gürcülərin bu addımına qarşı çıxırlar? Çünki əsas agentura şəbəkəsi Amerikaya məxsusdur. Bu səbəbdən də Gürcüstan öz dövlət maraqlarını gündəmə gətirdi. Qürurlu bir xalq istəməz ki, kiminsə əlinin altında “qapazaltı” olsun. Onsuz da bu rolun ifaçısı Ermənistandır". 

Politoloq hesab edir ki, mövcud vəziyyət və baş verən etirazlar fonunda Gürcüstanda dövlət çevrilişi və ya hakimiyyət dəyişikliyi baş verməyəcək.

"Çevriliş yoluyla hakimiyyətə gələnlər öz sələflərinin bütün siyasi gedişlərini əzbər bilir. Nə Ermənistanda keşişin etirazları, nə də Gürcüstanda Amerikanın planları heç nəyə yaramayacaq”, - deyə C.Nuriyev bildirdi.

Yusif SƏMƏDZADƏ