"SOCAR Türkiyə"yə qarşı hücum təxribatdır - Deputatdan AÇIQLAMA

 18:16 03.06.2024     354

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Türkiyə”nin İstanbuldakı ofisinə hücum həyata keçirilib. Hücumu təşkil edən şəxslər şirkəti İsrailə neft satışı ilə bağlı ittiham edirlər.

Hadisə ilə bağlı “SOCAR Türkiyə” rəsmi açıqlama yayaraq bəyan edib ki, şirkət tərəfindən İsrailə xam neftin satışının həyata keçirilməsi ilə bağlı ittihamlar həqiqəti əks etdirmir. Bildirilir ki, bu, qəsdən ictimai rəyi çaşdırmaq məqsədi daşıyır.

Bəs “SOCAR Türkiyə”yə qarşı hücumun arxasında hansı qüvvələr var, onların məqsədi nədir?

Mövzu ilə bağlı Milli Məclisin üzvü Hikmət Babaoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu ölkəmizi sevməyən bəzi mərkəzlər tərəfindən qısqanclıqla qarşılanır.

Onun sözlərinə görə, son illərdə yaranan yeni reallıqlar konteksində Türkiyə-Azərbaycan faktorunun region və beynəlxalq münasibətlər sistemində həlledici faktorlardan birinə çevrilməsi bəzi regional və qeyri-regional aktorları qəbul etmir:

“Məsələ burasındadır ki, paralel olaraq islam ölkələrində nüfuzunun artması bəzi qüvvələrdə narahatlıq doğurur. Bu səbəbdən həm Türkiyə-Azərbaycan münasibətlərini korlamaq, islam dünyasında ölkəmizin nüfuzuna kölgə salmaq üçün bəzi regional aktorlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır. Bu da İran mərkəzli bəzi qüvvələr tərəfindən idarə olunur. Elə qardaş ölkə Türkiyədə “SOCAR”a qarşı baş tutan hadisələr bundan xəbər verir. 

Məsələnin əsas mahiyyəti ondan ibarətdir k, heç bir neft ixrac edən ölkə onun ixrac etdiyi neftin beynəlxalq bazarda hansı ölkəyə və necə satılması ilə bağlı məlumatlı olmur. Çünki söhbət qlobal bir bazardan gedir. Bazarın alıcı şirkətləri məhsulu necə və hansı ölkəyə çatdırmasından gedir. Bu prosesdə isə “SOCAR”ın açıqlmasında da qeyd edildiyi kimi burada xüsusi bir rol yoxdur. Burada əsas məsələ alqı-satqı predmeti olan neftin daha yaxşı şərtlərlə satış prosesindən keçir".

Millət vəkili qeyd etdi ki, növbəti ayda Türk Dövlətləri Təşkilatının Şuşada Zirvə görüşü keçiriləcək.

"Sözsüz ki, görüşdə əsas iştirakçılardan biri də Türkiyədir. Bütün bunlar Prezident İlham Əliyevin “bizim ailəmiz türk dövlətləridir” ifadəsinin hüquqi müstəviyə keçməsini ifadə edir. Azərbaycana qarşı hazırlanan bu cür təxribatların heç bir nəticəsi olmayacaq”, - deyə H.Babaoğlu vurğuladı.

Yusif SƏMƏDZADƏ