ABŞ Prezidentinin İlham Əliyevə məktubu nəyi ifadə edir? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda bu il Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsinin əhəmiyyəti və Azərbaycanla ABŞ arasında münasibətlərin önəmindən söhbət açılıb.
Bəs bundan sonra Azərbaycan-ABŞ münasibətləri hansı tempdə inkişaf edəcək? Ölkələr arasındakı münasibətlər ABŞ-nin Ermənistanla bağlı mövqeyinə necə təsir edəcək?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd etdi ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsini Azərbaycan dövlətçiliyinin siyasi qələbəsi hesab etmək olar. Çünki bu tədbir bir qayda olaraq Avropa məkanında keçirilir.
“Layihəyə ev sahibliyi edəcək ölkənin müəyyənləşməsi səsvermə yolu ilə həyata keçirilir. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malik olduğuna görə, yüz minədək qonağın iştirak edəcək 1 həftə davam edən tədbirin keçirilməsi bizim üçün böyük uğurdur. Bu faktlara ABŞ qiymət verməyə bilməz. Eləcə də, ölkəmizlə birlikdə əməkdaşlıq istəyi onu göstərir ki, ABŞ Azərbaycansız region məsələlərinin həll edilmədiyinin fərqindədir və Azərbaycanla birgə bir çox işlər görmək olar. Düzdür, ABŞ-nin özünün güc və fəaliyyəti kifayət qədər böyükdür. Amma bununla belə ölkəmizlə birgə fəaliyyət bir sıra məsələnin uğurla həll edilməsinə imkan verir. Bu məktub münasibətlərin hər zaman yüksək olmasının ABŞ tərəfindən arzulanmasını ifadə edir.
Bəzən Amerikada müəyyən rəsmilərin bizimlə bağlı ədalətsiz çıxışlarını onların şəxsi mövqeyi kimi dəyərləndiririk. Yada salaq ki, ABŞ administrasiyasında üçüncü adam olan dövlət katibi Entoni Blinkenlə prezidentimiz arasında müntəzəm telefon danışığı olub və iki ölkə münasibətləri də müzakirə mövzularında biri olub. Bu baxımdan bəzi Amerika siyasətçilərinin fərqli mövqeyinə baxmayaraq Azərbaycan-Amerika münasibətləri möhkəm bünövrəyə əsaslanır. Bu isə, hakimiyyətdə olan şəxslərin siyasi fəaliyyəti ilə bağlı deyil, hüquqi dövlətçilik siyasəti İlə bağlıdır. İki ölkə münasibətlərinin daim yüksələn xətlə davam edəcəyini də gözləmək mümkündür", - deyə millət vəkili bildirdi.
Aydın Mirzəzadə vurğuladı ki, regiondakı vəziyyətin əsas Azərbaycanla Ermənistan arasında münasibətlərdən asılı olduğu hər kəsə məlum idi:
"Münasibətlərə maneə olacaq işğal faktoru artıq aradan qalxıb. Bu gün Azərbaycanla Ermənistan arasında davamlı diplomatik danışıqlar gedir. Qazaxın 4 kəndi azad edilib. Digər kəndlərin də geri qaytarılması istiqamətində işlər aparılır. Ermənistanda artıq Baş nazir səviyyəsində bildirilir ki, sülh müqaviləsini imzalamaq çox yaxındır və bu COP29-a qədər reallaşa bilər. Bütün bunlar göstərir ki, əsas problemlər həll edilib. Münasibətlərdə Azərbaycana qarşı yönələn nəsə olacaqsa, məsələyə öz xəttimizi qoyacağıq. Əgər ABŞ bu sülh prosesinin möhkəmlənməsinə öz töhfəsini verəcəksə, buna ancaq şad ola bilərik”.
Yusif SƏMƏDZADƏ