Parlament ölkənin gözlədiyi qərara hazırlaşır 

 17:05 05.06.2024     231

İyunun 7-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək.

Redaktor.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər. Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatıb. Gözlənilir ki, parlament maksimum 3 və ya 4 növbədənkənar sessiya keçirəcək. Sonuncu iclasda isə özünün buraxıldığını elan edəcək. 

Milli Məclisin buraxılması Daxili Nizamnamənin 23-2 maddəsi ilə tənzimlənir. Həmin maddədə deyilir:  “Azərbaycan Respublikası Konstitusiyasının 98-1-ci maddəsinin I hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı 1 il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 20-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır. Azərbaycan Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə isə Milli Məclisin özünü buraxmaq və növbədənkənar parlament seçkiləri təyin etmək üçün Prezidentə müraciət etmək səlahiyyəti var. 

Qeyd edək ki, Milli Məclis son olaraq 2009-cu ilin 9 dekabr iclasında Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların  parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı etdiyi müraciətinə əsasən belə bir qərar vermişdi.  Bundan sonra isə Konstitusiya Məhkəməsinin Plenumu hesab etdi ki, Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət etməsi konstitusiyanın 98-ci maddəsinə uyğundur.

Gözlənilir ki, bu dəfə də YAP çoxluğu belə bir müraciət edəcək və növbədənkənar seçkilər üçün Prezidentə müraciət edəcək. Əsas səbəb kimi isə noyabr ayında keçiriləcək COP29-a hazırlıq göstərilə bilər. Ehtimal edilir ki, seçkilər ya avqustun son həftəsi və ya sentyabrın 1-nə təyin edilə bilər.