"Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir"

 12:05 07.06.2024     270

"Bildiyiniz kimi, iyunun 5-də və 6-da Milli Məclis böyük beynəlxalq tədbirlərə evsahibliyi edib. Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının 13-cü Şura və plenar iclasları keçirilmişdir. Bundan başqa, Assambleyanın Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun iclasları, parlament Baş katiblərinin birinci görüşü də baş tutub".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin (MM) bu gün keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında spiker Sahibə Qafarova bildirib.

Onun sözlərinə görə, bütün bu tədbirlər göstərdi ki, digər inteqrasiya qurumları kimi, Türk Dövlətlərinin Parlament Assambleyası da ildən-ilə inkişaf edərək eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən qardaş xalqların və dövlətlərin ümumi məqsədlər ətrafında sıx birləşməsində mühüm rol oynayır:

"Dünən Assambleyanın plenar iclasında etdiyim çıxışda mən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” kəlamını xatırlatdım. Bildirdim ki, Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir.

İclasda “Türk dünyası üçün yaşıl üfüqlər: Yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusunda müzakirələr aparıldı. Müasir dövrün aktual problemi olan iqlim dəyişmələrinə qarşı mübarizədə parlamentlərimizin ata biləcəyi addımlar nəzərdən keçirildi. Noyabr ayında Bakıda keçiriləcək COP29 Konfransı ilə bağlı fikir mübadiləsi aparıldı. İclasın yekununda Bakı Bəyannaməsi qəbul edildi.

Onu da deyim ki, Türk Dövlətləri Parlament Assambleyasının 13-cü plenar iclasında Assambleyaya sədrlik Türkiyə Respublikasından Azərbaycan Respublikasına təhvil verildi. Beləliklə, hazırda Milli Məclis üç beynəlxalq parlament qurumuna sədrlik edir. TÜRKPA ilə yanaşı Milli Məclis Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində və Asiya Parlament Assambleyasında da sədrlik edir".

MM sədri hesab edir ki, Türk Dövlətləri Parlament Assambleyasının Bakıda keçirilən bütün tədbirləri həm məzmun, həm də forma baxımından yüksək səviyyəsi ilə seçilirdi.

Bununla əlaqədar mən tədbirlərin təşkilində əməyi keçən millət vəkillərinə, Milli Məclis Aparatının və İşlər İdarəsinin bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm", - Sahibə Qafarova çıxışını yekunlaşdırıb.

Humay İSGƏNDƏRLİ