"Sülh sazişi ilə bağlı optimist fikirlər səsləndirmək real görünmür” - Deputat

 18:59 07.06.2024     425

Xəbər verdiyimiz kimi, Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işi bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazırdır.

Bəs qarşı tərəfin bəyanatı nə dərəcədə reallığı əks etdirir? Bu fikirləri sülhün əldə edilməsi istiqamətində optimist siqnal kimi dəyərləndirmək düzgün olarmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Ermənistan rəsmlərinin bu cür çıxışı bir növ sülh istəyinin süni reklamı kimi qəbul edilməlidir:

“Bu, daha çox xarici mərkəzlərə, o cümlədən müəyyən auditoriyalara verilən mesaj rolunu oynayır. Çünki həmişə qarşı tərəfin bu cür fikirlərindən dərhal sonra daha fərqli mövqe ortaya qoyurlar. Bu ifadə iki gün bundan öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səsləndirdiyi fikirləri ört-basdır etmək üçündür. Ararat Mirzoyan qeyd etmişdi ki, Azərbaycan Konstitusiyasında da dəyişikliklər edilməlidir. Halbuki buna heç bir əsas yoxdur. Azərbaycanın heç bir qonşu ölkəyə qarşı ərazi iddiaları yoxdur. Göründüyü kimi, bundan dərhal sonra "bir ay müddətinə sülh müqaviləsinin imzalanmasına dair hazırıq" ifadəsi Ermənistanın bu mövzuda qeyri-ciddiliyini üzə çıxarır".

Deputatın fikrincə, ATƏT-in Minsk qrupuna artıq ehtiyacın qalmamasına dair Ermənistan tərəfinin reaksiyası olmalıdır.

"Bu günə qədər də Ermənistan bu qrupun taleyi ilə bağlı fikir ifadə etməyibsə, deməli onun fəliyyətinə hələ də ehtiyac görür. Minsk qrupu isə artıq tarixə qovuşan münaqişənin həll edilməsi üçün təşkil edilmişdi. Həqiqətən də, Ermənistanın ərazilərimizə iddiası yoxdursa, bununla bağlı müraciət etməlidir. 

Ona görə də, bu kimi məsələlər həllini tapmadığından nəinki bir ay, heç yaxın müddət ərzində sülh sazişi ilə bağlı optimist fikirlər səsləndirmək real görünmür”, - deyə H.Babaoğlu bildirdi.

Yusif SƏMƏDZADƏ