"Biz Şərqi Qüds paytaxt olmaqla Fələstin dövlətinin qurulmasının tərəfdarıyıq" - Zahid Oruc
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Misirə səfəri zamanı bu ölkənin prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata birgə bəyanatı zamanı İsrail-Fələstin münaqişəsinə toxunub. Dövlət başçısı bir daha Fələstin məsələsində ölkəmizin mövqeyini açıqlayıb.
"Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır", - deyə İlham Əliyev bildirib.
Azərbaycan liderinin Fələstinlə bağlı bəyanatını Redaktor.az-a şərh edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirdi ki, Fələstin xalqının tarixi dövr ərzində keçdiyi yol ölkəmizdə hər zaman həssaslıqla qarşılanır. Onun sözlərinə görə, bu yanaşmalarda ümumən insanlıq və bütün münasibətlərin savaşsız, qansız qurulması üstünlük təşkil edib:
"Buna görə ki, bizim məruz qaldığımız müharibələr dünyaya baxışımızda dərin kök salıb. Biz heç bir halda iki millət və iki dövlət arasında münasibətlərin yalnız silahla aydınlaşdırılmasının tərəfdarı olmamışıq. Buna görə də dünya çapında bu gün Qəzzada baş verənlərin ən çox ağrısını daşıyanlar türk-islam dünyasıdır.
Lakin təəssüflər olsun ki, Qəzza xalqının həyatının sömürülməsində rol oynayanlar da var. Reallıq budur ki, Qəzzada müharibənin başlamasından sonra çox ağır suallar meydana çıxdı. Çünki biz İsrail ilə tarixi və hərbi-siyasi münasibətlərə malikik. Baxmayaraq ki, bu heç bir halda Fələstin və islam dünyasının əleyhinə çevrilməmişdir. Elə İsrail rəsmilərinin ölkəmizə səfəri zamanı bütün islam aləminə Azərbaycan ilə münasibətləri nümunə kimi təqdim etməsini görürük. Buna görə də Azərbaycanın Fələstindəki nümayəndəliyini açılması məsələsində mühüm beynəlxalq prinsiplərə və özümüzün mənəvi ideyalarımıza əməl edirik.
Prezidentin Misir səfəri zamanı dövlətimizin açıq mövqeyi tam ortaya qoyuldu. Bəli, biz Şərqi Qüds olmaqla Fələstin dövlətinin qurulmasının tərəfdarıyıq. Onsuz da Fələstini beynəlxalq hüquqi subyekt kimi tanıyan dövlətlərin sayı artmaqdadır. Azərbaycanın İsrailə neft ixracını bəhanə edərək SOCAR-ın Türkiyə ofisinə hücum edənlər hibrid savaşın tərkib hissəsidir və məqsəd Vətən müharibəsindən sonra dövlətimizin beynəlxalq imicinə yenidən zərbə vurmaq idi. Bu da Rəcəb Tayyib Ərdoğanın Netanhayu hakimiyyətinə qarşı kəskin mövqe sərgilədiyi bir zamanda Azərbaycan siyasətindəki prosesləri fərqlilik kimi qələmə vermək üçün bir cəhd idi. Bununla da rəhbərlər arasında soyuqluq yaratmaq niyyəti güdürüldü”.
Deputat əlavə etdi ki, təkcə Fələstin deyil, Gürcüstan, Ukrayna, Moldova - münaqişənin coğrafiyasından asılı olmayaraq bizim prinsip BMT-ni də, beynəlxalq dövlətləri də xilas edir.
"Çünki savaş meydanında göz yaşları ilə dünyaya hayqıran körpə, qadın və ahılların səsini eşidərək real addımlar atmaq imkanı var. Ölkə rəhbərinin çağırışı oldu ki, savaş bitsin və münaqişə sülh yolu ilə həll edilsin. Ərazilərin götürülməsi problemi tam həll etməyəcəkdir. Qəzzada bir yaşlı ana “bu dünya sizin olsun, axirət isə bizimdir. Axirətdə də olsa bu qisas alınacaq” deyə bir fəryad etdi. Məncə, onun hədəfi İsrail olmaqdan çox o torpaqlarda qanın qurumasına imkan verməyən qüvvələrdir. Çünki onların Yaxın Şərq proyektləri uzun illər region ölkələrində müxtəlif din bayraqlı təşkilatlar yaratmaqla milyonlarla insanın həyatı itirilir. Biz orada həyatını itirən insnaların hər biri üçün üzülürük. Digər tərəfdən qətiyyən terror ilə İsrailə qarşı müharibəni də təqdir etmirik. O terror birləşmələrini əldə saxlayan güclərin regionda öz mənafeyinə uyğun siyasətini də qəbul etmirik”, - deyə Zahid Oruc bildirdi.
Yusif SƏMƏDZADƏ