Ermənistanda nə baş verir? - "Rusiyanın dəstəyi ilə Paşinyana qarşı son həmlə edildi”

 13:12 13.06.2024     356

Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyalarının yenidən güclənməsi fonunda İrəvanın əsas küçələrində polislə etirazçılar arasında toqquşmalar baş verir. Vəziyyət o həddə çatıb ki, toqquşmalar zamanı həm polis, həm də etirazçılar arasında çox sayda xəsarət alanlar var.

Bəs bu hadisələrin alovlanması nə ilə bağlıdır? Proseslərin nəticələri necə ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əziz Əlibəyli bildirdi ki, aksiyaların kuliminasiya nöqtəsi Paşinyanın sərt açıqlamlarından sonraya təsadüf edir:

“Paşinyanın bilavasitə KTMT-nin taleyinə yönəlik səsləndirdiyi kəskin fikirlər yeni hadisələrin başlanması üçün səbəb oldu. Şübhəsiz ki, açıqlamanın kəskin notlarla verilməsi müxalifətin bundan yararalanmasına imkan yaradır. Bununla da açıqlamanın yaratdığı əks-səda ətrafında Rusiyanın dəstəyini qazandılar. 

Hər halda bu məsələdə Moskvanın mövqeyi çox sərtdir. Bu gün Rusiyanın savaş apardığı bir zamanda müttəfiqləri parçalayan bu cür açıqlamalar xoş qarşılana bilməzdi. Ermənistan müxalifəti Rusiyaya müəyyən həddə bağlı olduğuna görə, keşişin (Baqrat Qalstanyan - red.) rəhbərlik etdiyi müxalif qrup da bu faktordan istifadə etmək qərarına gəldi. Dünənki proseslər də məhz bunun nəticəsidir. Beləliklə, Rusiyanın dəstəyi ilə Paşinyana qarşı son həmlə edildi”.

Ekspert qeyd etdi ki, Paşinyan artıq bu proseslərin birbaşa dövlət çevrilişinə hesablanan addımlar olduğunu anladı.

“Ona görə də əlində "molotov kokteyli" parlamentin qapılarında dayanan kütləyə qarşı rezin güllə və səs bombaları ilə müdaxilə edildi. İlk dəfədir ki, Ermənistanda bu miqyasda toqquşmalar yaşanır. Müxalifətin əsas niyyəti də məhz qan tökülməsi idi. Əgər siyasi toqquşmalarda qan tökülməsi yaşanırsa, bu yeni fazaya keçidi tətikləyə bilir. Meydanda əsas iştirakçılar kimi qadın-jurnalist-polis üçbucağının olması artıq söz azadlığı və hüququn aliliyi sferasını da mövzuya daxil edir. Bu da məsələni qloballaşdıracaq əsas önəmli hallardan biri sayılır. Görünən odur ki, proses sürətli və kəskin şəkildə irəliləyir”, - deyə Əziz Əlibəyli bildirdi. 

Yusif SƏMƏDZADƏ