"Paşinyan şübhələnsə ki, parlament ona qarşı çıxacaq, heç bu müzakirəyə də getməzdi" - Deputat

 15:20 13.06.2024     359

Xəbər verdiyimiz kimi, Ermənistan parlamenti iyunun 17-də Baş nazir Nikol Paşinyanın impiçmenti məsələsinə baxacaq. 

Bəs görəsən, parlamentin iclasında hakim fraksiyadan olan deputatlar ona xəyanət edə bilərmi? Bunun nəticəsində Paşinyanın impiçmentə uğraması nə dərəcədə gözləniləndir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirdi ki, hazırda Paşinyanın hakimiyyətdən getmə ehtimalı yoxdur:

“Sözsüz ki, Paşinyanın impiçment məsələsinin parlament səviyyəsində müzakirə olunması ondan xəbər verir ki, ona qarşı kifayət qədər mütəşəkkil təşkil olunan etirazlar mövcuddur. Keşiş Baqratın liderliyi ilə baş verən etirazlar səngimir. Aksiyaların miqyası dəyişsə də, bütün hallarda etirazlar davam edir və əsas tələb Paşinyanın istefaya getməsidir. Hesab edirəm ki, əsas proseslər meydanlarda davam edəcək. Yəni parlament divarları daxilində hansısa ciddi siyasi qərar verilməyəcək”. 

Deputat əlavə etdi ki, Paşinyan iqtidarının deputatları kifayət qədər ciddi nəzarət altındadır.

“Təkcə baş nazirin nəzarəti deyil, həm də bu rejimi formalaşdıran dairələrin - Qərbin nəzarəti də mövcuddur. Bu səbəbdən düşünmürəm ki, onların Paşinyana qarşı çıxma ehtimalları real olsun. Lakin bu müzakirənin aparılması Paşinyanın öz praktikasından əminliyinin göstəricisidir. Belə ki, o, 2020-ci ildə müharibədəki ağır məğlubiyyətə baxmayaraq növbədənkənar seçkilərə getdi və hakimiyyətini möhkəmlətdi. İndi də buna oxşar möhkəmləndirmə tədbirləri görmək istəyir. Əgər şübhələnsə ki, parlament ona qarşı çıxacaq, heç bu müzakirəyə də getməzdi. Bu da növbəti siyasi gedişdir. Amma bütün hallarda hesab edirəm ki, etirazlar yenə də davam edəcək”, - deyə Elşad Mirbəşiroğlu bildirdi.

Yusif SƏMƏDZADƏ