"Ermənistanla kommunikasiyaların açılması tamamilə mümkündür" - Aydın Mirzəzadə

 16:42 13.06.2024     341

Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsindən öncə Azərbaycan ilə kommunikasiyaların açılmasını, eləcə də sərhədlərin delimitasiyasını tamamilə mümkün sayır. Bu barədə o, dünən parlamentdə çıxışı zamanı deyib.

Bəs bu ehtimal nə dərəcə mümkündür? Ermənistan hökumətinin rəhbərinin bu çıxışı reallığa uyğun gəlirmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, bu iki məsələ bir-birinə həddən artıq yaxındır. Millət vəkilinin fikrincə, prinsip etibarilə ikisini də eyni vaxtda həll etmək olar:

“Sülh müqaviləsi tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığını, birgə komissiyaların delimitasiya və demarkasiyası məsələsinin necə həll edəcəyini, kommunikasiyaların açılması öhdəliyinin götürülməsi və tərəflərin bir-birinə qarşı ərazi iddiasının olmayacağını elan etməsini ehtiva edir. Əgər Ermənistan bu baza prinsiplərini siyasi prinsip kimi qəbul edəcəksə, kommunikasiyaların açılması tamamilə mümkündür. Bu proses geniş spektrli məsələdir. Burada Zəngəzur dəhlizinin açılması, Ermənistanın təklif etdiyi digər variantların nəzərdən keçirilməsi deməkdir. Bu gün kommunikasiyaların açılması Ermənistan üçün daha vacibdir. Heç də təsadüfi deyil ki, bu məsələni Ermənistan rəhbərliyi dilə gətirir".

Aydın Mirzəzadə əlavə etdi ki, kommunikasiyaların açılması prosesi öz üzərinə bir neçə öhdəlik götürmək deməkdir:

“Əgər bu öhdəliklər icra olunacaqsa, sülh müqaviləsini imzalayaraq da bunu etmək olar. Ermənistan yolların açılmasına baxmayaraq sülh sazişinin imzalanmasını ləngidə biləcəyini düşünürsə, bu məsələ mümkün ola bilməz. Bu, kompleks məsələdir. Həqiqətən də Ermənistan bunu istəyirsə, onda digər məsələlərin də bununla birgə həll edilməsi öhdəliyi götürülməlidir”.

Yusif SƏMƏDZADƏ