Şahramanyan Qarabağla bağlı sirri açıqladı
Xankəndidən Ermənistana qaçan keçmiş separatçı rejimin sonuncu "başçısı” Samvel Şahramanyan keşiş Baqrat Qalstyanın revanşistlərdən ibarət dəstəsinə qoşulub və Nikol Paşinyanı ittiham edib.
Redaktor.az xəbər verir ki, Şahramanyan müxalifətin etiraz aksiyasına polis müdaxiləsini pisləyib.
Qeyd edib ki, yaxın dövrdə Qarabağda baş verənlərlə bağlı ictimaiyyətə hər şeyi açıqlayacaq və camaat həqiqəti öyrənəcək.
"Bizi milyardlarla dollar dəyərində silahı atıb gəlməkdə ittiham edirlər. Halbuki, Paşinyan silahların kimin balansında olduğunu və buna görə kimin məsuliyyət daşıdığını yaxşı bilir. Qarabağdakı ordu (separatçıların terrorçu dəstələri-red) son günə qədər Ermənistan hökumətinə tabe olub və Ermənistan Müdafiə Nazirliyinin ərazi bölməsi kimi fəaliyyət göstərib”, - o deyib.
Şahramanyan iddia edib ki, onlar üçün Qarabağ səhifəsi bağlanmayıb.
Qeyd edək ki, Ermənistan işğalın davam etdiyi 30 ilə yaxın dövrdə Qarabağdakı terrorçu dəstələri "özünümüdafiə ordusu” adlandırmaqla, bu dəstələri idarə etdiyi faktını təkzib etməyə çalışıb. Şahramanyanın etirafı isə rəsmi İrəvanın yalanını bir daha ifşa edir. Bu, separatçı liderlər tərəfindən açıqlanan ilk etirafdır.