"Paşinyanın bu istəyi ona Azərbaycan üzərindən bəhanə irəli sürməyə əsas vermir" - Politoloq

 14:13 14.06.2024     403

Belarus və Ermənistan arasında yaşanan son anlaşılmazlıqlar fonunda Rusiya mediası iddia edir ki, gərginliyin yaranmasına səbəb Ermənistan Baş naziri Nikol Paşinyanın Belarusun İkinci Qarabağ müharibəsində Azərbaycana silah satışı həyata keçirməsidir. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi ki, əgər bir dövlət hər hansısa təşkilatdan çıxmaq istəyirsə, bunun üçün müxtəlif bəhanələr lazım ola bilir:

“Paşinyan elə-belə yerdən təşkilatdan çıxmaq istəyini irəli sürə bilməz. Bu zaman belə bir fikir irəli sürməlidir ki, KTMT-yə üzv ölkələrdən biri müharibədə qarşı tərəfə kömək edib. Bu səbəbdən də həmin fikir qəbuledilməzdir. 

Əslində Paşinyanın bu fikri həm erməni cəmiyyəti, həm KTMT, həm də beynəlxalq ictimaiyyətə verilən mesajdır. Amma aydın məsələdir ki, həmin iddia sadəcə bir bəhanədən ibarətdir. Çünki Azərbaycana silah satan təkcə Belarus olmayıb. Azərbaycan Serbiya, Rusiya, İsrail və digər ölkələrdən silah alışını həyata keçirib. Əgər doğurdan da bu bir səbəbdirsə, Ermənistan bu ölkələrlə də münasibətləri kəsə bilər. Hesab edirəm ki, bu cür yanaşma absurddur. Sadəcə olaraq Paşinyan üçün bir bəhanə lazımdır ki, erməni cəmiyyətinə KTMT-ni satqın olaraq təqdim etsin”.

Onun sözlərinə görə, Rusiyanın müəyyən çəkisi olduğu üçün bu ittihamı birbaşa olaraq onun üzərinə irəli sürmək nisbətən çətin məsələdir.

“Halbuki Rusiya müharibə dövründə Ermənistana silah daşınmasını həyata keçirdi. Hətta bu silah-sursatların bir hissəsi İran üzərindən daşınırdı. Bir şeyi xatırlatmaq istəyirəm ki, müharibə dövründə Azərbaycana KTMT ölkəsi Qazaxıstan siyasi dəstək verib. Bəs nəyə görə Ermənistan rəhbərliyi bu ölkələrlə əlaqəni kəsmək istəmir? Çünki bəhanə seçimində ən zəif bənd Belarus idi. Ermənistan dövlət olaraq KTMT-də qalmaq istəməyə bilər və bu da onun qərarıdır. Lakin bu istək ona Azərbaycan üzərindən bəhanə irəli sürməyə əsas vermir”, deyə S.Hümbətov vurğuladı.

Yusif SƏMƏDZADƏ