"Rusiyanın səbri tükənib və anlayır ki, Paşinyanın geri dönmək fikri yoxdur" - AÇIQLAMA

 14:21 14.06.2024     316

Son vaxtlar Ermənistan tərəfinin, xüsusən Baş nazir Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı səsləndirdiyi fikirlər bu ölkənin təşkilatdakı fəaliyyətində sual doğurub. 

Bəs görəsən, Ermənistan KTMT-dən ayrıla biləcəkmi? Ermənistan bu qurumdan çıxarsa, Rusiyanın reaksiyası necə olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov bildirdi ki, Ermənistan yəqin ki, yaxın aylarda KTMT-ni tərk edəcək:

“Artıq qurumun maliyyələşməsi, nümayəndə göndərmək və iclaslara qatılmaqdan imtina edir. Əslində, hesab edirəm ki, Ermənistanı elə indidən KTMT üzvü saymaq düzgün deyil. Sadəcə olaraq üzvlükdən imtina rəsmi şəkildə verilməyib. Çox güman yaxın vaxtlarda bu istiqamətdə qərar açıqlanacaq.

Rusiya təbii ki, Ermənistanın KTMT-dən çıxmasını istəmir. Ona görə yox ki, Ermənistan təşkilata çox böyük hərbi potensial gətirir. Qazaxıstan hadisələrini yada salsaq, KTMT qüvvələri iştirak etdi və Ermənistanın Qazaxıstana göndərdiyi silahlıların sayı 100-dən az idi. Hərbiçilərin də böyük hissəsi qadınlardan ibarət idi. Yəni onsuz da bu ölkənin KTMT-də ciddi iştirakı yoxdur. Ermənistan sözügedən təşkilata yalnız problemlər gətirir".

Ekspert onu da qeyd etdi ki, KTMT-dən narazı qalan təkcə Ermənistan deyil. Onun sözlərinə görə, Qazaxıstan da müəyyən qədər bu iştiraka isti baxmır.

"Həmçinin digər üzv ölkələr də belə bir hərbi qurumun vacibliyini götür-qoy edir. Rusiya ehtiyat edir ki, Ermənistanın gedişindən sonra cəzasız qalması digərlərini də həvəsləndirə bilər. 

Güman edirəm ki, Rusiyanın səbri tükənib və anlayır ki, Paşinyanın geri dönmək fikri yoxdur və Qərbə doğru istiqamət götürüb. Ermənistan bunun özü üçün ciddi problemlər gətirəcəyini ola bilsin ki, dərk etmir. Lakin hər halda qətiyyətli mövqe ortaya qoya bilib. Artıq Rusiya Ermənistanı itirib və geri qayıtması üçün hakimiyyət dəyişilməlidir. Bu məqsədlə Rusiyanın Ermənistanda təşkil etdiyi anti-hökumət hərəkatı bir nəticə vermir və çox güman ki, verməyəcək”, - deyə A.Səmədov bildirdi.

Yusif SƏMƏDZADƏ