"Azərbaycanın məqsədi Avrasiyanın orta xəttində böyük bir sülh platforması yaratmaqdır” - Politoloq

 18:10 14.06.2024     278

ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin köməkçisi Ceyms Obrayn Azərbacan və Ermənistanın yaxın həftələr və ya aylar ərzində razılığa gələ biləcəklərinə dair inamlı çıxış edib. O qeyd edib ki, Azərbaycan ilə Ermənistan indiki mərhələdə birbaşa danışıqlarda kifayət qədər bacarıqlıdır.

Bəs görəsən, diplomatın bu ifadəsi ABŞ-nin əsl mövqeyini nümayiş etdirirmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Zaur Məmmədov bildirdi ki, Azərbaycan və Ermənistan arasında danışıqların artıq müharibə deyil, sülhə istiqamətlənməsi reallığını anlayan ölkələrin sayı çoxdur.

“Bu ölkələr əlbəttə ki, özləri də reallıq fonunda hər iki tərəf ilə əməkdaşlığı inkişaf etdirmək və prosesdə daha yaxından iştirak etmək niyyətlərinin olduğunu iddia edirlər. ABŞ nümayəndəsi Obraynın açıqlamaları, o cümlədən Dövlət Departamentinin mütamadi olaraq sülh prosesi ilə bağlı çıxışları bundan xəbər verir ki, tərəflər üçüncü platformaları deyil, məhz birbaşa görüşlərin keçirilməsini dəstəkləyir. Onlar anlayır ki, bu daha yaxşı təşəbbüsdür. Əks təqdirdə proses tərəflərin yenidən toqquşmasına gətirib çıxaracaq", - deyə o bildirdi.

Ekspert Azərbaycan-ABŞ münasibətlərindən də söz açdı:

“Hər halda ABŞ-Azərbaycan dialoqu davam etməkdədir. Son 4 ildə keçməkeçli, tərif və tənqid ilə dolu münasibətlərimiz mövcud olub. Amma diplomatlar münasibətlər üzərində işləməyə davam edirlər. Əgər Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, bu həm də uzaq və yaxın, eləcə də region ölkələrinin iqtisadi və kommunikasiya layihələrində iştirakına gətirib çıxaracaq. Azərbaycanın niyyəti hər hansısa bloka daxil olmaq deyil. Bizim məqsədimiz bütün dövlətlərin maraqlarını nəzərə alaraq Avrasiyanın orta xəttində böyük bir sülh platforması yaratmaqdır”.

Yusif SƏMƏDZADƏ