"Lakin biz Əliyevin gedişini də görmüşdük" - Zahid Oruc

 09:09 16.06.2024     236

15 iyun yalnız 90-cı illərin təqvim hadisəsi deyil və 20 senyabr 2023-cü ildən sonra bütün əzəməti ilə aydın görünən dönüş nöqtəsidir. Əslində Ulu öndərin tərcümeyi-halının yarım əsri onlarla xilaskarlıq səhifəsi ilə doludur. Stalinin qurduğu imperiyada çekist sistemindən hakimiyyət birinciliyinə gəlmək, Nərimanov və Bağırovun acı taleyindən sonra 1969-cu ildə Azərbaycana rəhbərlik etmək əsil Qurtuluş hadisəsiydi. Çünki çarizm, cümhuriyyət və sovet dövrü liderlərinin heç biri onun qədər yüksələ, uzun illər zirvədə qala və ikinci dəfə hakimiyyətə qayıda bilmədilər. Belə siyasi uzunömürlülük xalqımızın və hələ yenicə formalaşan milli dövlətimizin də möhkəmlik testi oldu. Beləliklə, 8 noyabr Zəfəri son 50 illik Əliyev kursunun parlaq nəticəsidir.

Lakin biz Əliyevin gedişini də görmüşdük. 87-93-cü illərdə  “ quruculuq xətti” qırılan kimi sovet coğrafiyasının hər yerində-təkcə Ermənistanda deyil,  Rusiyadan orta Asiyaya və Gürcüstana qədər azərbaycanlıların kütləvi köçü başlandı. Bir neçə il sonra daxildə 100 minlərlə didərgin də 200 illik çarizm və son ümumittifaq qaçqınlığının növbəti pərdəsiydi. Lakin 80-ci illərdə imperiya rəhbərlərindən biri, yaxud 1993-cü ildə xiyabanlara və çadır şəhərciklərinə bürünən məmləkətə başçılıq edəndə də Heydər Əliyev hansı tarixi missiya qarşısında olduğunu yaxşı bilirdi. Əzəmətli Kremldə, ucqar Naxçıvanda, 93-cü ilin yanan Bakısında o,  son iki əsrdə məğlub olan bütün milli rəhbərlərin yarımçıq taleyini təmsil edirdi. Əcdadlarımızın məğlubiyyət silsiləsini durdurub nəhayət, qalib millət yaratmaq-Qurtuluşdan Zəfərə gələn yolu göstərir.
İndi ölkəmizə qələbə gətirən “Dəmir Yumruq” əslində Heydər Əliyevə aid müharibə simvoludur. Ordusuz Horadiz əməliyyatı, silahsız etnik separatizmin məhvi, büdcəsiz qlobal neft savaşının udulması və nəhayət, bu parlament binasında oynanılan antixalq tamaşalarının durdurulması həmin “dəmir iradə”nin nəticəsiydi. Üç gün əvvəl öz xalqının məfkurəsində çevriliş edən Nikol Paşinyanın Ermənistanı özü boyda Patriarxata döndərmək istəyənlərə üzünü tutaraq, “Lissabon sammitindən sonra erməni rəhbərlər məğlub oldular və yalan danışdılar, 2018-ci ildə bunları biləndə gərək Qarabağı Azərbaycanın tərkibində tanıyaydım” deməsi Ulu Öndərin ruhunun təntənəsiydi. Uzun illər Əliyevin kölgəsini qılınclayanlar, indi gedib Böyük liderdən əfv diləsinlər. 

Ona qalib gələ bilməyənlər, son 4 ildə də İlham Əliyevə məğlub oldular.

Bəli, Qayıdış əbədi prosesdir. 2022-ci ilin 19 iyulunda Ağalıya, 2023-cü ilin 17 oktyabrında Füzuliyə, 2024-cü ilin 10 mayında müqəddəs Şuşaya və nəhayət, 28 mayda qan yaddaşımız Xocalıya  dönüş də Milli Qurtuluşun 32 ildən ildən sonrakı davamıdır. Biz nəinki ölkəmizdə, bütün dünyada, Rusiya-Ukrayna savaşında, torpağından qan daman Qəzzada da milli Qurtuluş arzulayırıq.

Zahid ORUC, 

millət vəkili