"Mübadilə olunacaq ərazi məsələləri ən sonda həll ediləcək mövzulardır" - Deputat

Bir neçə gün öncə Ermənistan Baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı referendum keçirilməsini istisna etməyib. O qeyd edib ki, elə bir vəziyyət yarana bilər ki, məsələn 100 kvadratmetr Ermənistan və ya 100 kvadratmetr Azərbaycan biri-birinə güzəştə getsin. Amma bu məsələ Ermənistanda referendum yolu ilə həll olunacaq.
Redaktor.az-a açıqlamasında Ermənistan rəhbərinin bu fikrinə münasibət bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirdi ki, ərazi mübadiləsi və ya hər-hansısa ərazidən imtina məsələsi Ermənistan qanunvericiliyinə görə referendum ilə həll edilə bilər:
“Bu mövzu onların daxili məsələsidir. Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası çox mürəkkəb prosesdir. Birdən-birə yüz kilometrlərlə xətti müəyyənləşdirmək çətin olacaq. Lakin hər iki tərəfin razılığı ilə şübhə doğurmayan ərazilərdə delimitasiya prosesinə başlamaq mümkündür. Hansı ki, Qazaxda Azərbaycana məxsus dörd kəndin geri qaytarılması ilə sərhəd xətləri çəkildi. Mübahisə doğuran məsələlər sona saxlanılır. Amma mübadilə olunacaq ərazi məsələləri isə ən sonda həll ediləcək mövzulardır. Yəni, bu proses hətta on il müddətinə müzakirə edilə bilən məsələlərdir. Əsas odur ki, tərəflər sərhədlərin müəyyənləşməsi məsələsində ortaq məxrəcə gəlsinlər”.
Deputat əlavə etdi ki, bu gün Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi sülhün vacibliyini çətin də olsa başa düşür:
“Güman edirəm ki, ərazi mübadiləsi ehtimalı ən sonda reallaşa bilər. Buna da uzun illər lazım olacaq. Artıq bu zamana qədər bütün arqumentlər ortaya qoyularaq müzakirələr aparıla bilər”.
Yusif SƏMƏDZADƏ