AVP növbədənkənar parlament seçkilərində iştirak edəcək? - Fəzail Ağamalıdan AÇIQLAMA

 18:57 20.06.2024     348

Xəbər verdiyimiz kimi, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasın yekununda YAP-ı parlamentdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.

Qeyd edək ki, YAP-ın bu qərarından aydın olur ki, tezliklə Milli Məclis özünü buraxacaq və Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında parlamentdə təmsil olunan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı rəhbərlik etdiyi partiyanın növbədənkənar parlament seçkilərində iştirak edib-etməyəcəyinə aydınlıq gətirdi.

“Ölkəmizin ən qədim partiyalarından biri olan Ana Vətən Partiyası ictimai proseslərdə fəal iştirak edən, dövlətçilik mövqeyində duran və milli maraqlara söykənən partiya kimi qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətindədir”, - deyə deputat bildirdi.

Xatırladaq ki, daha öncə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirmişdi ki, bu ilin noyabrında keçirilməli olan parlament seçkilərinin vaxtı önə çəkilə bilər.

Yusif SƏMƏDZADƏ