Tarixi nailiyyətə imza atmış Müzəffər Ali Baş Komandan

 14:56 21.06.2024     331

XXI əsrin əvvəllərində ölkəmizdə baş verən hadisələr Azərbaycan xalqının xoşbəxt taleyini müəyyənləşdirən yeni dönüş mərhələsi kimi səciyyəvidir. Tariximizin uğur səhifəsinə çevrilmiş bu tarixi mərhələ başlanğıcını məhz cənab İlham Əliyevin 2003-cü il 15 oktyabr Prezident seçkilərində inamlı qələbəsindən sonra götürüb. Belə ki, yeni seçilmiş dövlət başçısı təntənəli andiçmə mərasimindəki çıxışında Heydər Əliyev ideyalarını daim inkişaf etdirəcəyini bəyan edərək çox çətin və məsuliyyətli tarixi missiyanı öz  üzərinə götürmüş oldu.

2-ci Qarabağ müharibəsinin nəticələri, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları ilə başlayan münaqişənin şanlı Qələbə ilə başa çatması və 28 illik işğala son qoyulması göstərdi ki, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyəti, siyasətçi kimi iradəsi, diplomat kimi müdrikliyi və humanist davranışı ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqla həm xalqı qalib olmaq arzusuna çatdırdı, həm də minlərlə insanın həyatını xilas etdi.

Vətən müharibəsində Zəfər qazandıqdan sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən hərbi əməliyyatlar, Azərbaycan Ordusunun apardığı döyüşlər hərtərəfli təhlil edilir, nəticələri öyrənilir. Biz isə məsələyə başqa prizmadan - bəşəriyyətin ən ali, fundamental dəyəri olan insan həyatının xilas edilməsi prizmasından, humanistlik baxımından yanaşmaq istərdik. İnsan həyatının xilas edilməsindən danışanda ilk olaraq ağxalatlı qəhrəmanlar - hərbi həkimlər göz önünə gəlir. Lakin təcrübə göstərir ki, sərkərdənin bacarıqlı, düşünülmüş addımları, qətiyyəti və siyasi iradəsi, uğurlu diplomatik fəaliyyəti hələ döyüşlər başlamazdan əvvəl minlərlə insanın həyatını xilas etməyə qadirdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə hərbi komandanlığa hər gün dəfələrlə təkrar etdiyi xüsusi tapşırıq, verdiyi əmr döyüş əməliyyatları zamanı düşmənə qalib gəlmək üçün savaşlarda maksimum çalışıb, ordumuzun sıralarında minimum şəxsi heyət itkisinə nail olmaq idi. Bu humanist insanın ən böyük amalı mümkün qədər az sayda vətəndaşımızın döyüşlərdə yaralanması, həlak olması idi. Dövlətimizin başçısının döyüşlərlə bağlı hər sözünün, hər tapşırığının, hər qərarının qayəsi, məqsədi daha çox insan həyatını xilas etmək idi. Ali Baş Komandanın xüsusi tapşırığı məhz maksimum insanın həyatının xilas olunmasının ön plana çəkilməsi ilə bağlı idi.

Vaxt keçdikcə amansız işğalın və savaşın izləri bu torpaqlardan silinəcək. Lakin xalqımız tariximizin həm faciəli, həm də şərəfli dövrlərini əhatə edən işğaldan Zəfərədək olan mərhələni heç vaxt unutmayacaq. Ali Baş Komandanın, Azərbaycan xalqının və Azərbaycan Ordusunun müəllifləri olduqları möhtəşəm əsər- Vətən müharibəsinin böyük Zəfəri əsrlər boyu xalqın yaddaşında yaşayacaq, onu yeni qələbələrə istiqamətləndirəcək.

Heç kəc unutmamalıdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u daim düşmənlərimizin başı üzərindədir və Azərbaycanın rəşadətli ordusu indi hərbi xidmətdə daha ayıq-sayıq, daha əzmli, daha güclü və daha hazırlıqlıdır. Azərbaycan Ordusu üçün Vətən müharibəsindəki zəfər nəticə yox, başlanğıcdır.

Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini